EN

İran TƏKLƏNİR? – Azərbaycanın da səs verdiyi O SƏNƏD...

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ərəb və Azərbaycan da daxil, islam ölkələrinin xarici işlər nazirlərinin məsləhətləşmə görüşü keçirilib. Görüşün yekunlarına dair birgə bəyanat qəbul olunub. Sənəddə İranın son hücumları kəskin şəkildə pislənir və iştirakçı ölkələrin regional təhlükəsizlik üzrə əsas məsələlərə münasibətini müəyyən edir.

Görüşdə Səudiyyə Ərəbistanı, Azərbaycan, Bəhreyn, Misir, İordaniya, Küveyt, Livan, Pakistan, Qətər, Suriya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri iştirak ediblər. İştirakçılar İranın region ölkələrinə qarşı raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumları qətiyyətlə qınayıblar. Bəyanatda, həmçinin, qeyd olunur ki, hücumlar yaşayış məntəqələrini, mülki infrastrukturu, neft və su sektoruna aid obyektləri, hava limanlarını, eləcə də diplomatik nümayəndəlikləri hədəfə alıb.

Nazirlər habelə bildiriblər ki, bu cür hərəkətlər heç bir halda əsaslandırıla bilməz. Sənəddə dövlətlərin BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ da təsdiqlənir. Daha sonra tərəflər İranı hücumları dərhal dayandırmağa, beynəlxalq hüquq normalarına və mehriban qonşuluq prinsiplərinə riayət etməyə çağırıblar. Qeyd olunur ki, Tehranla gələcək münasibətlər onun dövlətlərin suverenliyinə hörmət etməsindən və onların daxili işlərinə qarışmamasından asılı olacaq.

Birgə bəyanatda, həmçinin, BMT Təhlükəsizlik Şurasının 2817 (2026) saylı qətnaməsinin icrasının vacibliyi və bütün düşmənçilik hərəkətlərinin dayandırılmasınən zəruriliyi vurğulanır. İştirakçılar həmçinin Hörmüz boğazı və Bab əl-Məndəb bölgəsində beynəlxalq gəmiçiliyə qarşı hər hansı təhdidləri rədd ediblər. Ayrıca olaraq, ərəb ölkələrində silahlı qruplaşmaların dəstəklənməsi və silahlandırılması pislənilib. Bununla yanaşı, Livanın təhlükəsizliyi və sabitliyinə dəstək ifadə olunub, silahların yalnız dövlətin nəzarətində cəmlənməsinin vacibliyi vurğulanıb, eləcə də İsrailin bu ölkə ərazisinə hücumları qınanıb.

Bundan əlavə, nazirlər koordinasiya və məsləhətləşmələri davam etdirmək, həmçinin regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün bütün zəruri tədbirləri görmək niyyətlərini təsdiqləyiblər.

Görüşə qatılan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxışında bildirib ki, Bakı İranın Naxçıvana PUA zərbəsi ilə bağlı hadisəni hərtərəfli araşdıracağına dair verdiyi vədləri yerinə yetirəcəyinə və gələcəkdə belə halların qarşısını almaq üçün lazımi tədbirlər görəcəyinə ümid edir. Bayramov xatırladıb ki, martın 5-də İran ərazisindən havaya qalxan pilotsuz uçuş aparatları Azərbaycanın Naxçıvan Muxtar Respublikasının infrastrukturuna zərbələr endirib. Nəticədə dörd mülki şəxs yaralanıb və Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla kritik infrastruktura ciddi ziyan dəyib.

Nazir vurğulayıb ki, Azərbaycan hadisəyə operativ və qətiyyətli reaksiya verib və suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini bütün qanuni vasitələrlə qorumağa sadiqdir. “Azərbaycan gözləyir ki, İran tərəfinin hadisənin hərtərəfli araşdırılması ilə bağlı təqdim etdiyi zəmanətlər yerinə yetiriləcək və gələcəkdə belə halların qarşısını almaq üçün zəruri addımlar atılacaq”, – deyə nazir əlavə edib.

Bayramov habelə, Yaxın Şərq regionunda “ciddi böhrana təcili reaksiya verilməsinin” vacibliyini vurğulayıb. Onun sözlərinə görə, eskalasiyanın nəticələri ayrı-ayrı ölkələrin hüdudlarını aşaraq daha geniş regional və qlobal risklər yaradır, mülki əhalinin həyatına və infrastruktura təhlükə törədir. “Yaxın Şərqdə münaqişənin coğrafiyasının genişlənməsi təhlükəlidir və dərhal dayandırılmalıdır. Region dövlətlərinə qarşı hücumların davam etməsi parçalanmanın dərinləşməsi və uzunmüddətli sabitliyin pozulması ilə nəticələnə bilər”, – deyə o əlavə edib...

Yada salaq ki, cəmi bir neçə gün öncə İran Təhlükəsizlik Şurasının katibi, srağagün qətlə yetirilən Əli Laricani müsəlman dövlətlərinə müraciət edərək onları İrana dəstək verməyə çağırmış, eyni zamanda, sətiraltı qınamışdı. Ər-Riyadda qəbul edilən yuxarıdakı sənədi çağırışa cavab da saymaq olar.

Bu o anlama gəlir ki, yaranmış kritik duruma görə əsas məsuliyyət İranın üzərindədir və Tehranın müraciəti səmimi hesab edilmir. Məsələ də ondadır ki, ABŞ və İsraili hərbi təcavüzdə, beynəlxalq hüququ pozmaqda ittiham edən Tehran eyni dərəcədə özü qonşu müsəlman ərəb ölkələrinə, onların infrastrukturuna və neft-qaz emal müəssisələrinə raket zərbələri endirir. Hətta Türkiyəni, Azərbaycanı da “unutmur”. Halbuki, nə bu ölkələrdən, nə də Türkiyədən ona heç bir hücum olmayıb. Sonra da kömək üçün bu ölkələrə müraciət ünvanlamağın məntiqi anlaşılmır...

Ər-Riyadda XİN rəhbərləri səviyyəsində qəbul olunan sənəd şübhə yox ki, bu dövlətlərin rəsmi mövqeyini əks etdirir. Demək, bu, Tehrana öz hərəkətlərini təcili korrektə eləmək üçlün çox aydın bir siqnaldır. Bunu Naxçıvana dron hücumu ilı bağlı sənəddə yer alan müddəa da təsdiqləyir.

Odur ki, İran rejimi nə qədər gec deyil, gərəkən nəticəni çıxarmaq zorundadır. Əks təqdirdə o, təklənməyə məhkumdur...

Analitik xidmət,
Musavat.com

Chosen
81
musavat.com

1Sources