EN

“Əllərim və burnum yekədir, deyirlər, dağ adamına oxşayırsan, günə 20 manat verirlər ki, bal sat” - Yarmarkalarda qiymətlər niyə yüksəkdir?

Son dövrlərdə keçirilən yarmarkalarda qiymətlərin ənənəvi bazarlarla müqayisədə daha yüksək olması ilə bağlı narazılıqlar artmaqdadır. Alıcılar hesab edir ki, adətən daha sərfəli məhsullar təqdim olunmalı olan bu satış məkanlarında bəzi hallarda qiymətlər bazar qiymətlərini belə üstələyir. Mövcud vəziyyət həm istehlakçılar, həm də satıcılar arasında müzakirələrə səbəb olub.

 

Qida məsələləri üzrə mütəxəssis İlkin Şirinov Pravda.az-a açıqlamasında deyib ki, yarmarkalarda satılan məhsulları təqdim edənlər bəzən kənd təsərrüfatı məhsullarını özləri yetişdirən fermerlər kimi görünsələr də, əslində arada vasitəçilik edən, el dilində desək “dəllal” olan şəxslərdir:

 

“Həmin insanlar kənddən məhsul gətirən adamlardan aldıqdan sonra həmin məhsulları yarmarkalarda satırlar. İnsanlarda elə fikir formalaşır ki, yarmarkalarda satılırsa, deməli, bu, kənddən gələn təbii, orqanik məhsuldur, amma əslində bu məhsulların bazarda satılan məhsullardan heç bir əlaqəsi yoxdur. Bu gün 90 faiz bazarda məhsul satanlar və yaxud bazarda satmayıb, kəndlərdən məhsulu yığıb gətirib satan adamlardırlar. Hansı ki onlardan da dəllallar tərəfindən məhsullar alınıb piştaxtalarda satılır. Həmin məhsulların bazarlardan daha yüksək olması, təbii ki, orada qeyri-qanuni, qeyri-leqal yığılan yer pulu məsələsi var... Bu gün onlar həmin yer pulunu, əlavə bazar xərclərini məhsulun üzərinə qoyurlar və onların da satışını təşkil edəndə təbii ki, qiymət bazardan baha gəlib çıxır”.

 

İ.Şirinov bildirib ki, qiymət monitorinqi keçirilməzsə, qiymətə nəzarət olmazsa, mexanizm düzgün işləməzsə, təəssüf ki, vəziyyət bu cür olaraq qalacaq: “Monitorinq keçirilərsə, baxarıq ki, orada ticarətlə, kənd təsərrüfatı ilə məşğul olan adamların heç bəlkə də 3-5 faizi rayon və kəndlərdən gələn adamlar deyil... Hamısı müxtəlif bazarlarda, piştaxtalarda məhsul satan adamlardır ki, onlar yarmarkalardan yerlər götürüblər, məhsulları alıb üzərinə qiymət qoyub satışını təşkil edirlər”.

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, bir çox ölkələrdə xüsusilə şənbə və bazar günü təşkil olunan yarmarkalar insanları cəlb edən satış arenasıdır:

 

“İtaliya, İspaniya, Portuqaliya və bir çox ölkələrdə yarmarkalar görmüşəm. Bu işlərə bələdiyyələr tam nəzarət edir. Orada ərzaq, qeyri-ərzaq da satılır. Günün müəyyən saatınadək davam edir, daha sonra yığışdırılır. Azərbaycanda isə bu, zəruri iş olsa da, kafi deyil. Uzun müddət şəhərin mərkəzində, Nizami küçəsində “Kənddən şəhərə” yarmarkası fəaliyyət göstərdi. Dəfələrlə daxil olub gördüm ki, yararsız mallar satılır. Hətta bir dəfə camış ətinin mal əti kimi satılmasının şahidi oldum. Heç bir sənədi təqdim etmədilər. Yarmarkalar zəruri olsa da, kafi vəziyyətdə deyil. Çox təəssüf ki, yarmarkalar bazardakı üçüncü tərəfi aradan çıxara bilməyib. Yəni üçüncü subyekt odur ki, digər mallar “Meyvəli bazarı”na gəlir, fermerlər gətirir. Orada alverçilər var ki, onların dəstəyi olmazsa, lazımi sənədlər əldə oluna və bazara çıxara bilməz. Mallar onların əlinə keçir, qiyməti artırırlar və Bakı bazarlarına çıxarırlar. Yarmarkalar üzrə də “üçüncü subyekt” öz işini görür. Onlar, əlbəttə, qiyməti manipulyasiya edib dəyişdirə bilirlər. Qiyməti elə səviyyədə saxlayırlar ki, əhali bahalığı hiss etməsin. Məsələn, bal yarmarkasına baş çəkməyə getmişdim. Biri ilə rastlaşdım və dedim ki, “Mən səni tanıyıram, axı sənin balın yoxdur”. Mənə dedi ki, “əllərim, burnum yekədir, deyirlər, dağ adamına oxşayırsan. Günə 20 manat veririk, balı sat, camaat sənin yanına gələr”. Yəni istehlakçını aldatmağın, hətta belə yolları da var. Qiymət siyasətində dövlət, hökumət və Kənd Təsərrüfatı Nazirliyi elə bir iş aparmalıdır ki, yarmarkalarda qiymət əlçatanlılığı daha yüksək olsun. Yarmarkaların dislokasiyası da yarıtmaz vəziyyətdədir, yararlanmaq istəyən şəxslər şəhərin uzaq yerindən gəlir, o qədər də yol pulu verir, hansı ki özünə yaxın bazardan ala bilər. Hələlik yarmarkalardakı qiymətlərin yüksək olması ilə bağlı yazılı şikayət daxil olmayıb. Daxil olarsa, müəyyən araşdırmalar apararam və məsələni dövlət orqanları qarşısında qaldıraram”.

 

Şəhanə Quliyeva

Tarix: 19 Mart 2026, 10:32   
Chosen
38
1
pravda.az

2Sources