Yeniazerbaycan portalından verilən məlumata əsasən, ain.az bildirir.
İslamabad terrora qarşı açıq müharibəyə başlayıb
Pakistan ilə Əfqanıstan arasındakı gərginlik artmaqdadır. Xatırladaq ki, rəsmi İslamabad hələ ötən il Əfqanıstan hakimiyyətinə silahlı islamçı qrup “Təhriki-e-Taliban Pakistan”a (TTP) qarşı tədbir görməsini tələb etmişdi. Oktyabrda isə Əfqanıstan qüvvələri sərhəd-keçid məntəqələrində Pakistan qoşunlarına atəş açmışdı. Buna cavab olaraq Pakistan ordusu ağır artilleriya zərbələri, tanklar, dronlar və qırıcı təyyarələrlə cavab vermişdi. Həmin vaxt toqquşmalar 2025-ci ilin oktyabr ayının sonuna qədər davam etdi və tərəflər Qətər ilə Türkiyənin vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəldilər. Lakin sonrakı danışıqlarda sülh razılaşması əldə olunmadı. Əfqanıstanın daha da intnensivləşən hücumları, basqınları vəziyyəti daha da gərginləşdirdi. Bu ilin fevralın sonunda isə Pakistan müharibənin artıq açıq hal aldığını bildirdi - artıq silahlı qrupların zərərsizləşdirilməsinə başlanıldı.
Pakistan bəyan etdi: yalnız hərbi obyektlər...
Qeyd edək ki, silahlı birləşmələrin zərərsizləşdirilməsi davam edir. Yayılan məlumatlara görə, Əfqanıstanın Qəndəhar, Paktiya və Paktika əyalətlərinə məlum hədəflərə hava zərbələri endirilib. Pakistanın Təhlükəsizlik Xidməti də martın 13-nə keçən gecə Əfqanıstana zərbələrin endirildiyini təsdiqləyib. Bildirilib ki, hücumların hədəfi Əfqanıstan “Taliban”ı ilə sıx əlaqədə olan “Tehrik-e Taliban Pakistan” (TTP) silahlı qruplaşmasının (“Pakistan talibləri” kimi də tanınır) üzvləri olub. Əfqanıstan tərəfi Pakistanı sıx məskunlaşmış kəndləri atəşə tutmaqda ittiham etsə də, Pakistan tərəfi bunu təkzib edib. Bildirilib ki, Pakistan yalnız hərbi obyektləri zərərsizləşdirib.
“Razılaşdırılacaq bir şey yoxdur”
Bir çox siyasi ekspertlər Pakistanın “Tehrik-e Taliban Pakistan”ı tamamilə zərərsizləşdirmək istədiyini bildirir. Pakistanın Baş nazirinin nümayəndəsi Müşərrəf Zaidi hələ fevralın sonunda danışıqlar və dialoqun mümkün olmayacağını bildirmişdi. “Razılaşdırılacaq bir şey yoxdur. Əfqanıstandan terror sona çatmalıdır”.
Amma rəsmi Kabil “Pakistan talibləri” ilə əlaqələri kəsməyi planlaşdırmır.
“Siyah-Sang” hərbi sektoru vurulub
Qeyd edək ki, Pakistan Hərbi Hava Qüvvələri “Taliban” hərəkatının Qəndəhardakı kəşfiyyat idarəsinin binasına qarşı da genişmiqyaslı hava əməliyyatı keçirib. Hücum anında binada xüsusi xidmət orqanlarının yüksək rütbəli rəhbərliyinin gizli iclası keçirilirmiş və nəticədə iştirakçıların demək olar ki, hamısı məhv edilib. Pakistan aviasiyasının endirdiyi dəqiq zərbələr nəticəsində “Taliban”ın kəşfiyyat elitasına ağır zərbə vurulub. Məxfi toplantının hədəf alınması əməliyyatın öncədən planlaşdırılmış kəşfiyyat məlumatları əsasında həyata keçirildiyini göstərir.
Pakistan Hərbi Hava Qüvvələri son bir neçə gündə Əfqanıstanın paytaxtı Kabildə də bəzi obyektlərə zərbə endirib. Zərbə əsasən şəhərin mərkəzini əhatə edib. Hadisədən sonra paytaxtın həmin hissəsində güclü yanğın baş verdiyi qeyd olunur. Məlumata görə, zərbə Kabildə yerləşən “Siyah-Sang” hərbi sektorunu əhatə edib. Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən ətraflı açıqlama verilməyib.
Terrorçular zərərsizləşdirilir...
Əfqanıstan xəbər agentliyi TOLOnews-un Əfqanıstan hökumətinin sözçü müavini Həmdullah Fitrata istinadən verdiyi məlumata görə, Pakistanın Əfqanıstanın paytaxtı Kabilə endirdiyi hava hücumu nəticəsində ölənlərin sayı 400-ə çatıb. O, ən azı 250 nəfərin yaralandığını iddia edib. Əfqanıstandakı hücumlarla bağlı mövqeyini açıqlayan Pakistan tərəfi isə bu iddianı təkzib edib. Pakistanın informasiya naziri Attaullah Tarar hədəflərin Taliban hərbi obyektləri olduğunu vurğulayıb. Attaullah Tarar 17 martda “X” mikrobloqunda bildirib ki, “Saleh Qəzəb” adlandırılan əməliyyatın hədəfi Taliban hərbi obyektləri olub. Paylaşımda Kabildə iki yerdə sursat anbarlarının və texniki dəstək infrastrukturunun məhv edildiyi vurğulanır. Pakistanlı nazir qeyd edib ki, “?ərbələrdən sonra görünən ikinci dərəcəli partlayışlar böyük sursat anbarlarının mövcudluğunu açıq şəkildə göstərir”.
Qeyd edək ki, Taliban bir müddət əvvəl əsassız şəkildə Pakistanı Kabildəki bir klinikaya hücumda günahlandırmışdı.
Əfqanıstanın şərqində yerləşən Nəngərhar əyalətində Pakistan qüvvələrinin 4 Taliban hərbi obyektinə hücum etdiyi, əlaqəli texniki və logistika infrastrukturunu, eləcə də sursatı məhv etdiyi də bildirilir. “Taliban rejiminin təbliğatçılarının yalan iddiaları əfqanları və dünyanı aldada bilməyəcək və onların bölgədə terrorizmi dəstəkləmək və maliyyələşdirmək kimi çirkin hərəkətlərini gizlədə bilməyəcək”, -deyə nazir Tarar bildirib.
Əsl səbəb-Durand xətti...
Bir çox siyasi ekspert münaqişənin mənbəyinin tarixə söykəndiyi fikrindədir. Əfqanıstanın Pakistana hücumunun Durand xətti ilə bağlı olduğu deyilir. Belə ki, Durand xətti 1893-cü ildə Britaniya Hindistanı ilə Əfqanıstan arasında çəkilmiş sərhəd xəttidir. Bu xətt bu gün Pakistan ilə Əfqanıstan arasındakı rəsmi sərhəd sayılır - amma Əfqanıstan bunu tam olaraq qəbul etmir. 1893-cü ildə Britaniya Hindistanını təmsil edən Mortimer Durand ilə Əfqanıstan əmiri Abdur Rahman Xan arasında imzalanan razılaşmanın məqsədi Britaniya Hindistanı ilə Əfqanıstan arasında təsir zonalarını müəyyən etmək idi. Xətt bir çox puştun tayfalarını iki yerə böldü. Əfqanıstanın bugünki iddiasına görə, razılaşma Britaniya ilə bağlanıb - bu mənada, Pakistanla sərhəd məsələsi yenidən müzakirə olunmalıdır. Hətta Əfqanıstan parlamenti vaxtilə bu müqaviləni etibarsız saydığını bəyan etmişdi.
Pakistan isə haqlı olaraq bildirir ki, beynəlxalq hüquqa görə mövcud sərhədlər varis dövlət tərəfindən qəbul edilir. Ona görə də Durand xətti rəsmi və beynəlxalq tanınmış sərhəddir. Xətt təxminən 2,6 km-dir və puştunların yaşadığı əraziləri iki yerə bölür. Pakistan sərhəd boyunca hasar çəkib. Taliban hakimiyyətə gəldikdən sonra isə sərhəd məsələsi yenidən gərginləşib.
P.İSMAYILOV
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.