EN

İranın idarəetmə sistemində risklər artır, Azərbaycan humanitar dəstəyi davam etdirir – Aqil Camal

İranda yüksək rütbəli rəhbərlərin zərərsizləşdirilməsi ölkədə idarəetməni zəiflədir və regionda gərginliyi artırır. Bununla yanaşı, Azərbaycanın İrana humanitar yardımı isə xoşməramlı siyasət mesajı verir və sabitlik kimi qarşılanır.

Mövzu ilə bağlı “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” qəzetinin və Turkustan.az saytının baş redaktoru Aqil Camal QHT.az-a açıqlama verib.

Aqil Camal bildirib ki, həm 12 günlük müharibə zamanı, həm də fevralın 28-dən sonra başlayan və hazırda davam edən qarşıdurmalar dövründə İranın ali dini rəhbəri də daxil olmaqla, dövlət aparatında təmsil olunan bir sıra yüksək vəzifəli şəxslər hədəfə alınıb. Onun sözlərinə görə, İran rəsmiləri bu cür hallara əvvəlcədən hazır olduqlarını və hər struktur üzrə bir neçə əvəzedici şəxsin müəyyən edildiyini bildirirlər.

A.Camalın sözlərinə görə, “Bu kimi məsələlərə əvvəlcədən hazırlıq olub və hər bir struktur üzrə əvəzedici şəxslər müəyyənləşdirilib”. O qeyd edib ki, qısa müddətdə vəzifədən kənarlaşdırılan şəxslərin yerinə yenilərinin təyin olunması müşahidə edilsə də, bu prosesin nə qədər davam edəcəyi qeyri-müəyyən olaraq qalır.

Sədr vurğulayıb ki, artıq yalnız yüksək rütbəli şəxslər deyil, eyni zamanda bölgələrdə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri də hədəfə çevrilir. Onun fikrincə, “qarşıdakı dövrdə mərkəzdən idarəetmə sistemində pozulmalar yarana və ayrı-ayrı bölgələrdə fərdi idarəetmə mexanizmləri formalaşa bilər”.

Aqil Camal bildirib ki, müharibənin ilk günlərindən etibarən Azərbaycan öz rəsmi mövqeyini açıqlayıb və ölkə ərazisindən İrana qarşı hər hansı güc tətbiqinə icazə verilməyəcəyini bəyan edib. O əlavə edib ki, artıq Azərbaycandan İrana ikinci humanitar yardım karvanı da yola salınıb.

A.Camalın sözlərinə görə, bu addımlar həm dövlətin, həm də xalqın iradəsini əks etdirir. O qeyd edib ki, İranda yaşayan milyonlarla azərbaycanlı nəzərə alınaraq, baş verən hadisələr Azərbaycanda diqqətlə və narahatlıqla izlənilir.

Sədr vurğulayıb ki, humanitar yardımların davamlı olması gözlənilir və bu prosesdə ictimai sektorun da fəal iştirakı vacibdir. Onun fikrincə, qeyri-hökumət təşkilatları dövlət qurumları və aidiyyəti strukturlarla birgə müxtəlif humanitar aksiyalar həyata keçirə bilər.

Sonda Aqil Camal ictimai sektora çağırış edərək bildirib ki, QHT-lər bu istiqamətdə daha aktiv olmalı, xüsusilə humanitar təşəbbüslərlə güneyli soydaşlara dəstək göstərməlidirlər.

Fatimə Nəbiyeva

Chosen
129
qht.az

1Sources