EN

Regionda gərginlik yeni risklər yaradır – Əhməd Abbasbəyli

ABŞ və İsrailin İranın yüksək rütbəli rəhbər şəxslərinə yönələn əməliyyatları ölkənin vahid komanda-idarəetmə sistemində ciddi boşluqlar yaradır. Bu, qərar qəbuletmə proseslərini ləngidir və daxili qarşıdurmaları artırır.

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlar regionda genişmiqyaslı təsirlərə səbəb ola bilər. Bu barədə “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli QHT.az-a açıqlamasında bildirib.

Əhməd Abbasbəyli bildirib ki, bu cür addımlar yalnız İran daxilində deyil, bütövlükdə regionda iqtisadiyyat, təhlükəsizlik və sosial sabitlik baxımından uzunmüddətli problemlər yarada bilər. Onun sözlərinə görə, xüsusilə miqrasiya və təhlükəsizlik sahəsində ciddi nəticələr qaçılmazdır.

Ə.Abbasbəyli sözlərinə görə, İranın yüksək rütbəli vəzifəli şəxslərinin aradan götürülməsi ilk növbədə ölkənin vahid idarəetmə sisteminə zərbə vurur. O qeyd edib ki, bu proses həm siyasi, həm də hərbi idarəetmədə koordinasiya problemlərinə gətirib çıxara bilər.
Sədr vurğulayıb ki, “yüksək rütbəli liderlərin aradan götürülməsi İranın siyasi strukturunu zəiflədə və daxili sabitliyi poza bilər”.

Ekspert hesab edir ki, bu cür hadisələr ölkə daxilində müxalif qüvvələrin fəallaşmasına, müxtəlif zümrələr arasında qarşıdurmaların artmasına səbəb ola bilər. Onun fikrincə, mərkəzi idarəetmənin zəifləməsi bəzi hallarda xaotik vəziyyətin yaranmasına gətirib çıxarır.

Əhməd Abbasbəyli bildirib ki, baş verən proseslər eyni zamanda cəmiyyət və hərbi strukturlar daxilində aqressiyanın artmasına da səbəb ola bilər. Onun sözlərinə görə, bu, intiqam meyllərini gücləndirərək gələcəkdə daha sərt və radikal addımların atılmasına zəmin yaradır.
Sədr qeyd edib ki, “liderlərin aradan götürülməsi onların yerinə daha radikal və aqressiv qüvvələrin gəlməsi ilə nəticələnə bilər”.

Ə.Abbasbəyli sözlərinə görə, İranın teokratik dövlət quruluşu nəzərə alınarsa, ayrı-ayrı şəxslərin zərərsizləşdirilməsi problemin köklü həlli demək deyil. O bildirib ki, mövcud problemlərin aradan qaldırılması üçün daha dərin sistem dəyişiklikləri tələb olunur.

Sədr vurğulayıb ki, regionda baş verən gərginliklər ümumilikdə təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirir. Onun fikrincə, bu proseslər terror qruplarının fəallaşmasına, geosiyasi balansın dəyişməsinə və yeni münaqişə ocaqlarının yaranmasına səbəb ola bilər.

Əhməd Abbasbəyli hesab edir ki, mövcud risklər fonunda region dövlətləri preventiv addımlar atmalı, gərginliyin azaldılması və münaqişələrin qarşısının alınması istiqamətində birgə səylərini gücləndirməlidirlər.

Fatimə Nəbiyeva

Chosen
59
50
qht.az

10Sources