EN

Əraqçi: “Ölməyə hazırıq” – İran diplomatiyasının son qalası danışdı

Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera” telekanalına verdiyi müsahibədə son dərəcə sərt və emosional açıqlamalarla çıxış edib. O bildirib ki, İran rəhbərliyi ölkə uğrunda ölümə belə hazırdır:

“Biz tərəddüd etmədən ölkəmiz üçün həyatımızı qurban verməyə hazırıq”.

Müsahibə zamanı jurnalistin “Siz özünüzün hədəfə çevriləcəyinizdən qorxmursunuzmu?” sualına cavab verən Əraqçi qeyd edib ki, son günlər baş verən hadisələr fonunda hər kəs potensial hədəfdir:

“Hər kəs hədəfə çevrilə bilər. Son günlər görürük ki, onlar istənilən obyektə zərbə endirməkdən çəkinmirlər”.

Nazir iddia edib ki, hücumlar nəticəsində onlarla mülki obyekt zərər görüb, o cümlədən xəstəxanalar, məktəblər və yaşayış binaları vurulub. Onun sözlərinə görə, Mina şəhərindəki məktəbə zərbə nəticəsində 168 şagirdin öldüyü hadisə ən ağır nümunələrdən biridir.

İranın “son səsi” – Əraqçi ön plana çıxır

Hazırkı geosiyasi vəziyyətdə diqqət çəkən əsas məqamlardan biri də İran hakimiyyətinin üst qatında baş verən ciddi boşluqlardır. Musavat.com-un təhlilinə görə, ABŞ və İsrailin intensiv hava zərbələri nəticəsində İranın dini, siyasi və hərbi elitasında ciddi, yeri doldurulmayan itkilər var.

Bu fonda Əraqçi faktiki olaraq İranın beynəlxalq arenada “əsas danışan fiquruna” çevrilib. Prezident Məsud Pezeşkianın əsas kadrlarından biri olan Əraqçi hazırda Tehran hakimiyyətinin xarici dünyaya çıxış edən əsas siması kimi çıxış edir. Laricanınin öldürülməsindən sonra o, demək olar ki, "son səs"dir.

Maraqlı məqamlardan biri də budur ki, zərbələr daha çox İranın ali dini lideri Seyyid Əli Xamneyiyə daha yaxın fiqurlara yönəlib. Bu isə ölkə daxilində güc balansının dəyişməsi ehtimalını gündəmə gətirir.

Eyni zamanda, İranın yeni ali dini seçilmiş Müctəba Xamneinin taleyi ilə bağlı ziddiyyətli məlumatlar yayılmaqdadır. Onun harada olduğu və vəziyyəti barədə dəqiq informasiya yoxdur. Bu isə İran daxilində qeyri-müəyyənliyin daha da artdığını göstərir.

Bizə görə (Musavat.com) İsrail və ABŞ-ın həyata keçirdiyi “dəqiq zərbələr strategiyası” yalnız hərbi deyil, həm də siyasi hədəflərə yönəlib. Məqsəd İranın idarəetmə strukturunu zəiflətmək və qərarvermə mexanizmini iflic vəziyyətə salmaqdır.

Əraqçinin “ölməyə hazırıq” bəyanatı isə həm daxili auditoriyaya yönəlmiş motivasiya mesajı, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan siyasi siqnal kimi qiymətləndirilir. Bu açıqlama Tehran rəhbərliyinin ümidsiz və kompromissiz durumda qaldığının göstəricisi hesab olunur.

Qeyd edək ki, müsahibənin sözügedən hissəsinin video görüntüləri də yayılıb və Musavat.com həmin kadrları təqdim edir.

Musavat.com

Chosen
65
50
musavat.com

10Sources