EN

Lənkəranda İlaxır çərşənbə ənənəsi yaşadılır: sakinlər səhər tezdən çay kənarına üz tuturlar FOTO

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ləkəran, 18 mart, AZƏRTAC

Lənkəran şəhərində İlaxır çərşənbənin səhəri yenə də özünəməxsus ənənə ilə qarşılanıb. Səhərin ilk saatlarından etibarən şəhər sakinləri kütləvi şəkildə çay sahillərinə axışaraq, qədim inancları yaşadırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu ənənə nəsildən-nəslə ötürülərək, bu gün də öz aktuallığını qoruyub saxlayır.

Qədim inanclara görə, İlaxır çərşənbə günü axar su ilə təmas insanı ilboyu bəlalardan qoruyur, mənfi enerjidən təmizləyir və ona yeni ilə saf niyyətlə başlamaq imkanı verir. Bu səbəbdən səhər tezdən çay kənarına gələn insanlar su üzərindən atlanır, əllərini və üzlərini yuyur, bəziləri isə niyyətlərini suya danışırlar.

Sakinlərin sözlərinə görə, bu adət onların həyatının ayrılmaz hissəsinə çevrilib. Çay sahilinə gələn şəhər sakini 70 yaşlı Abbasova Zeynəb bildirib ki, hər il bu ənənəni böyük inamla davam etdirirlər: “Uşaqlıqdan valideynlərimiz bizi səhər tezdən çaya gətirərdi. Deyərdilər ki, axar su insanı təmizləyir. İndi biz də bu adəti öz övladlarımıza ötürürük. İnandığımız üçün yox, həm də bu, bizim kimliyimizin bir hissəsidir.”

Digər sakin Pərvanə Əzizova isə qeyd edib ki, İlaxır çərşənbə onun üçün xüsusi məna daşıyır: “Bu günün özünəməxsus bir ruhu var. Səhər tezdən çay kənarına gələndə insan özünü daha rahat hiss edir. Sanki bütün yorğunluq, gərginlik su ilə gedir. Hər il bu ənənəni yerinə yetirəndə bir ümid yaranır ki, yeni il daha uğurlu olacaq.”

Müşahidələr göstərir ki, çay sahillərində yalnız yaşlı nəslin nümayəndələri deyil, gənclər və uşaqlar da fəal iştirak edirlər. Bu isə qədim adətlərin unudulmadığını, əksinə, yeni nəsil tərəfindən də davam etdirildiyini göstərir.

İlaxır çərşənbə və Novruz bayramı ilə bağlı olan bu ənənə Lənkəranda bu gün də böyük həvəslə qorunur və yaşadılır. Bu cür adətlər xalqımızın milli-mənəvi dəyərlərinin zənginliyini bir daha nümayiş etdirir və Novruzun birləşdirici ruhunu əks etdirir.

Müxbir-İlkin Adıyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
1
azertag.az

2Sources