Azərbaycan televiziyasının tanınmış rejissoru Rauf Süleyman Mirzəyev 82 yaşında vəfat edib.
Musavat.com xəbər verir ki, Rauf Süleyman Mirzəyev 1944-cü ildə Bakıda anadan olub.
O, görkəmli teatrşünas Həsənağa Mirzəyev və Azərbaycan səhnəsində ana obrazlarının yaddaqalan ifaçısı, Azərbaycan SSR əməkdar artisti Ətayə Əliyevanın ailəsində dünyaya gəlib.
Peşəkar fəaliyyətinə televiziya sahəsində başlayan Rauf Süleyman Mirzəyev bütün rejissor dərəcələrini keçərək 1997-ci ildən ali kateqoriyalı rejissor kimi fəaliyyət göstərib. O, Azərbaycan Televiziyasının “Ədəbi-dram verilişləri” baş redaksiyası və “Gənclik” redaksiyasında rejissor və ali dərəcəli rejissor kimi çalışıb.
Rejissorun yaradıcılığı zəngin televiziya layihələri ilə yadda qalıb. Onun quruluş verdiyi “İdrak”, “Zəriflik”, “Evrika”, “Tələbə dünyası”, “Dünyaya sevinc gərək”, “Yeddi sual, yeddi cavab”, “Ev sizin, sirr bizim”, “Qurama” folklor toplusu və “İlham pərisi” kimi verilişlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bununla yanaşı, o, “Xoşbəxt adam”, “Ömür ağacı”, “Dostun evi könüllərdir”, “Ədalət naminə”, “Tariximiz”, “Bəxtiyar Vahabzadə” və dörd hissəli “Türk Dünyası – Qitədən-Qitəyə” televiziya filmlərinin rejissoru olub.
Rauf Süleyman Mirzəyevin müəllifi və quruluşçu rejissoru olduğu “Səslər muzeyi” və “Ömrün axarı” kimi silsilə proqramlar da uzun illər efirin seçilən layihələrindən olub. O, həmçinin Azərbaycan Televiziyasının ən uzunömürlü həftəlik verilişlərindən biri sayılan “Turan” proqramının rejissoru kimi tanınıb.
Qeyd edək ki, Rauf Süleyman Mirzəyev tanınmış rejissor Ramiz Həsənoğlunun qardaşıdır.
Allah rəhmət eləsin.
Şahanə Rəhimli
Musavat.com