EN

Probasiya nəzarətində olan şəxslərin əmək bazarına inteqrasiyası müzakirə olunub

Probasiya nəzarətində olan şəxslərin əmək bazarına inteqrasiyası müzakirə olunub.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, probasiya nəzarətində olan şəxslərin sosial adaptasiyasının gücləndirilməsi, onların əmək bazarına inteqrasiyasının təmin edilməsi və məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Probasiya xidməti dövlət qurumları və sahibkarlıq subyektləri ilə əməkdaşlığı davam etdirir.

Bu çərçivədə martın 16-da Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan “Azəralüminium” MMC-nin direktoru Maksim Cavadov ilə Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Vüqar Ağayev arasında görüş keçirilib.

Görüşdə probasiya nəzarətində olan şəxslərin cəmiyyətə reinteqrasiyasının gücləndirilməsi baxımından dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin “Azəralüminium” MMC-nin ölkəmizdə müxtəlif sosial layihələr həyata keçirməklə, regionlarda məşğulluğun artırılması istiqamətində əhəmiyyətli işlər gördüyü, dayanıqlı sosial-iqtisadi inkişafa mühüm töhfələr verdiyi qeyd olunub.

Görüşdə probasiya nəzarətində olan şəxslərin peşə hazırlığına cəlb olunması, əmək bacarıqlarının artırılması və məşğulluq imkanlarının genişləndirilməsi müzakirə edilib. “Azəralüminium” MMC tərəfindən elektrik montyoru, elektrik-qaz qaynaqçısı, tornaçı və cilalayıcı ixtisasları üzrə peşə təlimlərinin təşkili və probasiya nəzarətində olan şəxslərin əmək bazarına cəlb edilməsi imkanları nəzərdən keçirilib.

Peşə təlimi və məşğulluq tədbirlərinin “Azəralüminium” MMC-nin istehsalat sahəsinin Gəncə şəhərində yerləşməsi nəzərə alınaraq, əsasən Gəncə şəhəri və ətraf bölgələrdə həyata keçirilməsi ilə bağlı tərəflər arasında ilkin razılıq əldə olunub.

Qeyd olunub ki, bu təşəbbüs probasiya nəzarətində olan şəxslərin peşə bacarıqlarının inkişafına və cəmiyyətə uğurlu reinteqrasiyasına töhfə verəcək.

Chosen
42
7
apa.az

8Sources