EN

Naxçıvanda korrupsiya iddiaları genişlənir - Fuad Nəcəflinin istintaqa cəlb olunması xəbəri var

Naxçıvanda dövlət strukturlarında korrupsiya və mənimsəmə iddiaları ətrafında yeni və diqqətçəkən proseslər baş verir.

Musavat.com-un xəbərinə görə, son günlər ortaya çıxan məlumatlar göstərir ki, Muxtar Respublikada dövlət vəsaitlərinin taleyi ilə bağlı bir neçə istiqamətdə paralel istintaq aparılır və bu araşdırmaların mərkəzində keçmiş yüksək vəzifəli şəxslərin adı hallanır.

Məlumata görə, “Naxçıvan Taxıl Məhsulları” MMC-nin icraçı direktoru Şakir Tarverdiyev həbs edilib.

İstintaq materiallarına əsasən, o, dövlətə məxsus iri həcmli taxıl ehtiyatlarının satışından əldə olunan vəsaiti mənimsəməkdə ittiham olunur.

Teleqraf-a daxil olan məlumatlara görə, Şakir Tarverdiyev 10 milyon tondan artıq taxılı 6 milyon 500 min manata sataraq həmin vəsaiti mənimsəyib. İddialara əsasən, bu əməliyyatın Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi olmuş Fuad Nəcəflinin göstərişi ilə həyata keçirildiyi bildirilir. Nəticədə Muxtar Respublikanın strateji taxıl ehtiyatlarının ciddi şəkildə azaldığı qeyd olunur. İstintaq orqanları Şakir Tarverdiyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi üzrə ittiham irəli sürüb. O, 179.4-cü maddə (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci maddə (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) ilə təqsirləndirilir. Məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, hadisə ilə bağlı Naxçıvanın bir sıra dövlət qurumlarının rəhbərləri də istintaqa cəlb olunaraq izahat veriblər.

Mənbələr bildirir ki, ötən ilin noyabrında Prezident sərəncamı ilə vəzifəsindən azad edilən sabiq səlahiyyətli nümayəndə Fuad Nəcəflinin də istintaqa cəlb edildiyi və onun barəsində daha ciddi tədbirlərin görülməsi ehtimalı araşdırılır.

Naxçıvanda baş verən proseslər təkcə taxıl ehtiyatları ilə bağlı iddialarla məhdudlaşmır. Paralel olaraq “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin sabiq sədri Bəhruz Əsgərovun cinayət işi də ciddi müzakirələrə səbəb olub. İstintaq materiallarına görə, uzun illər agentliyə rəhbərlik etmiş Bəhruz Əsgərov xüsusilə külli miqdarda - 5 milyon manatdan artıq dövlət vəsaitinin mənimsənilməsində ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İttiham aktına əsasən, Əsgərovun fəaliyyətinə dair araşdırmalar 2018-2023-cü illəri əhatə edir. Bu dövrün bir hissəsi isə Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi kimi Fuad Nəcəflinin fəaliyyət göstərdiyi dövrə təsadüf edir.

Mediaya sızan məlumatlarda qeyd olunur ki, bu cinayət işi çərçivəsində sabiq səlahiyyətli nümayəndə Fuad Nəcəfli də istintaqa cəlb olunaraq ifadə verib. Məlumata görə, istintaq onun korrupsiya, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı digər epizodlar üzrə də məlumatları araşdırır.

OGUZ.jpeg

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a deyib ki, bu məlumatların həqiqətə uyğun olması istisna deyil və Naxçıvanda baş verən maliyyə pozuntularının araşdırılması üçün bu addımlar qaçılmaz idi.

Onun sözlərinə görə, Bəhruz Əsgərovla bağlı istintaqa Fuad Nəcəflinin də cəlb olunması məntiqli görünür:

“Ortada 5 milyon manatın mənimsənilməsi barədə ciddi iddia var. Bu vəsaitin taleyi birbaşa keçmiş səlahiyyətli nümayəndənin göstərişləri ilə əlaqələndirilir. Məndə olan məlumata görə, Fuad Nəcəfli həm öz kəndinə, həm də keçmiş yüksək vəzifəli məmur Əli Həsənovun kəndinə yol çəkilməsini Bəhruz Əsgərovdan tələb edib. Bəhruz Əsgərov da məcbur qalıb həmin yolları çəkib. Sonradan isə sənədləşdirmə düzgün aparılmadığı üçün məsuliyyət onun üzərində qalıb”.

Heydər Oğuzun sözlərinə əsasən, bu proseslər yalnız maliyyə məsələsi deyil, həm də təhlükəsizlik məsələsinə çevrilə bilər. O qeyd edib ki, Naxçıvan kimi strateji bölgədə dövlət məlumatlarının üçüncü şəxslərə ötürülməsi ehtimalı ciddi risk yarada bilər.

Şərhçinin səsləndirdiyi digər iddialar isə daha ciddi müzakirələr doğurur. Onun sözlərinə görə, sabiq prezident köməkçisi Əli Həsənovun qardaşı oğlu Anar Həsənov Fuad Nəcəfli ilə yaxın münasibətlərə malik olub və tez-tez Naxçıvana səfərlər edib.

Heydər Oğuz iddia edir ki, həmin dövrdə Ali Məclisdə Anar Həsənov üçün xüsusi şərait yaradılıb və hətta bəzi məlumatlara görə, Fuad Nəcəflinin Prezidentə təqdim etdiyi hesabatların hazırlanmasında da onun rolu olub. Siyasi şərhçi bu iddiaların dövlət təhlükəsizliyi baxımından araşdırılmalı olduğunu vurğulayıb:

“Əgər Naxçıvanla bağlı məxfi məlumatlar və Prezidentə təqdim olunan hesabatlar üçüncü şəxslərin əlinə keçibsə, bu, artıq təkcə korrupsiya məsələsi deyil. Belə məlumatların başqa mərkəzlərə, o cümlədən xarici dairələrə ötürülməsi ehtimalı da nəzərdən keçirilməlidir”.

Fuad Nəcəfli ilə bağlı mediada və sosial şəbəkələrdə səslənən başqa iddialar da diqqət çəkir. Jurnalist Heydər Oğuz Naxçıvanda keçirilmiş dövlət tədbirlərindən birində qəribə maliyyə göstəricilərinin qeydə alındığını bildirib. Onun iddiasına görə, Türkiyədən dəvət olunmuş qonaqlar üçün təşkil edilən tədbirin xərclərində 30 min manatlıq tualet kağızı göstərilib. Heydər Oğuz bu rəqəmi ironik şəkildə şərh edərək deyib ki, orta hesabla bir paket tualet kağızının qiyməti 50 qəpik götürülsə, bu məbləğə təxminən 60 min paket məhsul almaq mümkündür.

“Əgər həqiqətən 60 min paket istifadə olunubsa, belə çıxır ki, qonaqlar konfransdan çox ayaqyolunda vaxt keçiriblər”, – deyə o bildirib.

Hazırda həm Şakir Tarverdiyevin, həm də Bəhruz Əsgərovun cinayət işləri üzrə istintaq davam edir. Bu araşdırmaların nəticəsində Naxçıvanda dövlət vəsaitlərinin taleyi ilə bağlı yeni faktların ortaya çıxacağı istisna edilmir. Eyni zamanda mediada və ekspertlər arasında səslənən iddiaların hansı hissəsinin istintaq materialları ilə təsdiqlənəcəyi də yaxın dövrdə məlum olacaq.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
25
musavat.com

1Sources