EN

Akademik: "Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı" adlı kitab mühüm tədqiqat əsəridir

Bakı, 13 mart, AZƏRTAC

"Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı" adlı kitab ciddi tədqiqatçının apardığı əsaslı araşdırmalara söykənir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurası sədrinin müavini, akademik Nizami Cəfərov söyləyib.

O bildirib ki, kitab həm məzmun baxımından zəngindir, həm də mükəmməl və sistemli bir struktura malikdir.

“Əsərdə əsasən Qərbi Azərbaycan probleminin formalaşması, xüsusilə ermənilər tərəfindən XIX–XX əsrlərdə bu məsələnin necə mürəkkəbləşdirilməsi və bölgənin geosiyasi problemə çevrilməsi geniş şəkildə təhlil olunur. Kitabda bu proseslər və tarixi gedişatlar ətraflı şəkildə araşdırılır. Daha sonra Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra problemin həlli istiqamətində görülən işlər, çəkilən zəhmət və irəli sürülən strateji layihələr üzərində dayanılır. Eyni zamanda, bu strategiyanın sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilməsi və problemin həlli istiqamətində real addımların atılması xüsusi vurğulanır", - deyə N.Cəfərov vurğulayıb.

Akademik əlavə edib ki, kitabda, həmçinin yeni bir mərhələ-İlham Əliyev dövründə formalaşan yanaşma və bunun nəticəsi olaraq Qərbi Azərbaycan İcmasının yaradılması təhlil olunur. Bu mərhələdə Qərbi Azərbaycan məsələsinin həlli üçün yalnız dövlət səviyyəsində deyil, bütövlükdə cəmiyyətin və ictimai institutların prosesə cəlb olunmasının əhəmiyyəti geniş şəkildə izah edilir.

"Mən əminəm ki, bu kitab geniş oxucu auditoriyasının diqqətini cəlb edəcək və Qərbi Azərbaycan məsələsinin mahiyyətini daha dərindən anlamağa kömək edəcək. Eyni zamanda, bu əsər azərbaycanlıların öz doğma torpaqlarına ləyaqətli şəkildə qayıdışı ideyasının güclənməsi baxımından mühüm ideoloji və mənəvi stimul rolunu oynayacaq",- deyə o bildirib.

Chosen
41
1
azertag.az

2Sources