AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Elçin Mehrəliyevin “Salam, Qarabağım! Xoş gördük, Güllücəm!” (Qarabağa qayıdış: Xatirələr, duyğular, arzular) kitabı nəşr olunub.
Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 9 dekabr 2025-ci il tarixli 7 saylı qərarı ilə nəşr edilib. Ecoprint” nəşriyyatında çap olunan kitab 400 səhifədən ibarətdir.
Kitabın elmi redaktoru Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməddir. Rəyçiləri filologiya elmləri doktoru, professor Qasım Hacıyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxovdur.
Nəşr “İlk söz”, “Mən, mənim qəhrəmanım və yurdum”, “Zaman dəyişir, xislət dəyişmir”, “Qarabağ həqiqətləri bədii yaradıcılığımda” və “Son söz” bölümlərindən ibarətdir.
Kitabda Qarabağın işğalı, eyni zamanda Zəfər yürüşü nəticəsində Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsi, Qarabağın dirçəldilməsi və qaçqın-köçkünlərin öz yurdlarına qayıdışı məsələləri, dağıdılmış yurd yerlərinə səfər təəssüratı duyğulu təfərrüatlarla əksini tapıb. Qarabağ münaqişəsi ətrafında aparılan araşdırmalar nəticəsində əldə olunmuş nəticələr də kitabda yer alıb.
XQ