EN

Azərbaycanın enerji strategiyası uzunmüddətli və çoxşaxəli olduğunu nümayiş etdirir ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycanın həyata keçirdiyi ardıcıl enerji strategiyası və reallaşdırdığı iri beynəlxalq layihələr ölkəni Avrasiya məkanında əsas enerji qovşaqlarından birinə çevirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev Mədəniyyət mərkəzinin idarə heyətinin üzvü, türkiyəli siyasi və iqtisadi məsələlər üzrə ekspert Canip Nuray bildirib.

Onun sözlərinə görə, Azərbaycan zəngin enerji ehtiyatlarına malik olmaqla yanaşı, bu resursları beynəlxalq bazarlara təhlükəsiz və sabit şəkildə çatdırmaq üçün strateji infrastruktur və imkanlara sahibdir.

Ekspert qeyd edib ki, Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən layihələr Avropanın enerji mənbələrinin şaxələndirilməsi və təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır.

“Xəzər hövzəsinin enerji resurslarının Avropa bazarına çıxarılması istiqamətində Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr Avropa üçün alternativ və etibarlı enerji mənbəyi yaradıb. Bu layihələr təkcə enerji tədarükünü artırmır, həm də qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verir. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan regional əməkdaşlıq layihələri bir çox ölkələri vahid enerji platformasında birləşdirərək iqtisadi inteqrasiyanı gücləndirir. Cənub Qaz Dəhlizi layihəsi Avropa üçün mühüm nümunədir. Bu layihə vasitəsilə Azərbaycan qazı Gürcüstan və Türkiyə ərazisindən keçərək Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizinə çıxarılır, oradan isə Avropa bazarlarına çatdırılır. Beləliklə, İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniya kimi Avropa ölkələri Azərbaycan qazından enerji diversifikasiyası məqsədilə istifadə edir, bu da onların enerji təhlükəsizliyini və asılılığını balanslaşdırır.

Azərbaycanın enerji ixracı sahəsində həyata keçirdiyi digər mühüm layihələrə Şahdəniz qaz-kondensat yatağının işlənməsi və Bakı-Tbilisi-Ceyhan neft kəməri daxildir. Bu layihələr Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyətə malikdir. Məsələn, Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Avropaya ixrac olunan neft Türkiyə və Yunanıstan limanları vasitəsilə İtaliya və digər Avropa ölkələrinə çatdırılır. Bu kəmərlər Avropanın enerji tədarükündə alternativ marşrutların yaradılmasına xidmət edir və bölgədə enerji təhlükəsizliyini möhkəmləndirir”, - deyə ekspert vurğulayıb.

Canip Nuray bildirib ki, Azərbaycan yalnız ənənəvi enerji resurslarının ixracı ilə kifayətlənmir, eyni zamanda, bərpaolunan enerji sahəsində də mühüm addımlar atır. Onun sözlərinə görə, ölkənin Günəş və külək enerjisi imkanları gələcəkdə yaşıl enerjinin Avropa bazarına çıxarılması üçün perspektivlər yaradır. Bu istiqamətdə həyata keçirilən beynəlxalq əməkdaşlıq layihələri Azərbaycanın enerji strategiyasının uzunmüddətli və çoxşaxəli olduğunu nümayiş etdirir: “Azərbaycanın enerji siyasəti yalnız iqtisadi maraqlarla məhdudlaşmır, eyni zamanda regional sabitlik və əməkdaşlığa da xidmət edir. Enerji layihələri vasitəsilə region ölkələri arasında qarşılıqlı asılılıq və əməkdaşlıq mexanizmləri formalaşır ki, bu da ümumi təhlükəsizlik mühitinin güclənməsinə töhfə verir. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji koridorları həm Avropanın, həm də region ölkələrinin maraqlarına xidmət edir və strateji tarazlığı möhkəmləndirir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
51
50
azertag.az

10Sources