EN

Yurdumuza bahar ətirli Novruz gəlir

Hər il yaz fəslinin yaxınlaşması ilə birlikdə yurdumuzda xüsusi bir canlanma hiss olunur. Günəş ətrafa öz hərarətini yayır, təbiət yavaş-yavaş oyanır, ağaclar tumurcuqlayır, çiçəklər açır. Bu gözəl dəyişikliklər xalqımızın ən qədim və sevilən bayramlarından biri olan Novruzun gəlişindən xəbər verir. El arasında deyildiyi kimi, “Yurdumuza bahar ətirli Novruz gəlir, torpaq oyanır, ürəklərə sevinc dolur.”

Tarix boyu türk xalqları Novruzu yeni ilin başlanğıcı kimi qəbul etmişlər. Qədim inanclara görə, bu gün təbiət yenilənir, torpaq dirçəlir və həyat yenidən canlanır. Buna görə də, Novruz yenilənmə, ümid və bolluq bayramı sayılır. Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər türk xalqları da bu bayramı böyük təntənə ilə qeyd edirlər. Novruz bayramı türk xalqlarının ortaq mədəni irsinin mühüm hissəsidir. Bu bayram əsrlər boyu qorunaraq bu günə qədər gəlib çatmış və gələcək nəsillərə ötürülməkdə davam edir. Novruz türk dünyasını birləşdirən ən gözəl və mənalı bayramlardan biridir.

Novruz bayramı Azərbaycan xalqının zəngin tarixini, adət-ənənələrini və milli dəyərlərini özündə yaşadan müqəddəs bayramdır. Bu bayram yalnız təbiətin oyanışını deyil, həm də insanların qəlbində yeni ümidlərin doğulmasını simvolizə edir. Qədim dövrlərdən bəri qeyd olunan Novruz, insanların birlik və həmrəyliyini gücləndirən xüsusi günlərdən biridir.

Novruza hazırlıq həftələr öncədən başlayır. Xalq arasında bu dövr “ilaxır çərşənbələr” kimi tanınır. Su, Od, Yel və Torpaq çərşənbələri təbiətin oyanışını mərhələlərlə ifadə edir. Hər çərşənbə insanlara təbiətlə vəhdətdə yaşamağın əhəmiyyətini xatırladır. Bu günlərdə evlər təmizlənir, həyətlər səliqəyə salınır, insanlar köhnə ilin ağırlıqlarından qurtulmağa çalışırlar.

Novruz süfrəsi də bu bayramın ən gözəl simvollarından biridir. Süfrələrdə milli şirniyyatlar – paxlava, şəkərbura, qoğal və digər nemətlər yer alır. Süfrənin mərkəzində isə yaşıl səməni qoyulur. Səməni həyatın yenilənməsini, bolluq və bərəkəti ifadə edir. Bu süfrə yalnız yemək bolluğunu deyil, həm də ailə birliyini və qonaqpərvərliyi nümayiş etdirir.

Novruz bayramının ən maraqlı və sevilən adətlərindən biri tonqal qalamaqdır. Axşam saatlarında insanlar tonqalın ətrafına toplaşır, onun üzərindən tullanaraq “Ağırlığım-uğurluğum odda yansın” deyirlər. Bu qədim adət insanların bütün çətinliklərini geridə qoyaraq yeni ilə təmiz və saf niyyətlə başlamaq arzusunu ifadə edir. Uşaqlar isə papaq atmaq adəti ilə bayram sevincini daha da artırırlar.

Novruz yalnız bir bayram deyil, həm də insanları birləşdirən, onları bir-birinə yaxınlaşdıran bir dəyərdir. Bu günlərdə qohumlar və dostlar bir araya gəlir, bir-birini ziyarət edir, küsülülər barışır. Bayramın əsas ruhu sevgi, hörmət və paylaşmaqdır.

Artıq 6-cı ildir ki, xalqımız Novruzu 30 il düşmən tapdağı altında, işğalda olan, igid ordumuz tərəfidən 2020-ci ildə  azad edilən torpaqlarımızda da qeyd edir. Bahar çiçəkləri Kəlbəcər dağlarında, Laçın yaylaqlarında, Zəngilan çəmənlərində, Füzuli bağlarında, Şuşamızda açır, Arazın suları Xudafərin körpüsünün altından daha kədərlə deyil, çağlayaraq axır, Cıdır düzündə Xarı bülbül çiçəyi ürkək-ürkək deyil cəsarətlə boy qaldırır. Xankəndinin mərkəzi meydanında bayram tonqalı yandırılır. Xalrımız bu bayramı yurdun bütün yerlərində qeyd edir, çünki,  yurd yerlərimizdə sürətlə məskunlaşma gedir,  qaçqın kimi öz elindən-obasından ayrı düşmüş soydaşlarımız öz yurduna qayıdır, bayramları öz elində, öz obasında qeyd edərək oralara yeni nəfəs gətirirlər.

Azad Qarabağda Novruzun qeyd olunması yalnız bir bayram mərasimi deyil, həm də böyük tarixi qələbənin və yenidənqurmanın rəmzidir. Bu torpaqlarda yenidən evlər tikilir, yollar salınır, məktəblər və mədəniyyət ocaqları fəaliyyətə başlayır. Baharın gəlişi ilə birlikdə Qarabağ torpağı da yenidən dirçəlir, sanki uzun illərdən sonra həyat yenidən canlanır.   Novruz günlərində Qarabağda tonqallar qalanır, səmənilər cücərir, bayram süfrələri açılır. İnsanlar bir araya gələrək bayramlaşır, şəhidlərin xatirəsini ehtiramla yad edir və gələcəyə ümidlə baxırlar. Bu bayram həm sevincin, həm də qürurun ifadəsinə çevrilir.

Bu gün azad Qarabağda yanan hər bir Novruz tonqalı xalqımızın birlik və gücünün rəmzidir. Bu torpaqlarda qeyd olunan Novruz bayramı Azərbaycanın gələcəyinə olan inamını daha da möhkəmləndirirAzad Qarabağda Novruz yalnız baharın gəlişini deyil, həm də azadlığın, qələbənin və yenidən doğuluşun bayramını simvolizə edir. Bu bayram xalqımızın yaddaşında həmişə xüsusi yer tutacaq.

Elmira Mehdiqızı

 

 

Chosen
12
qht.az

1Sources