EN

Bakıda Əliyevin Koşta ilə görüşünün böyük yekunu - Aİ təsdiqlədi və tanıdı...



Akif Nağı: “Aİ rəsmisi təsdiqlədi ki, onlar Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları qəbul edirlər”

Prezident İlham Əliyevlə Antonio Koştanın birgə mətbuat bəyanatında Vaşinqton sammiti, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma prosesi, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən yenidən-bərpa işləri, ərazilərin minalardan təmizlənməsi və sair sahələrdə Azərbaycanın fəaliyyəti vurğulanır, alqışlanır.

Prezidentlər ayırıcı xətlərdən, azad, dinc, sabit, qarşılıqlı əlaqələri, inkişaf edən Cənubi Qafqaz kimi ortaq strateji məqsədi bir daha təsdiqləyərək, regionda baş verən son müsbət hadisələri, xüsusilə də Azərbaycan-Ermənistan sülh prosesindəki tarixi irəliləyişi alqışlayıblar. Onlar 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə Görüşünün nəticələrini və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı addımları yüksək qiymətləndiriblər. Avropa İttifaqı Şurasının Prezidenti iki ölkənin ikitərəfli dialoq vasitəsilə regionda davamlı sülhə nail olmaq istiqamətində səylərini Aİ-nin tam dəstəklədiyini bir daha təsdiqləyib.

Yəni Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra yaratdığı reallıqların tanınması və təsdiqindən söhbət gedir. Müharibədən sonra yaranan sülh prosesi, Vaşinqton sammiti, ərazilərin bərpası, ərazilərin minalardan təmizləməsi, yenidən qurma işləri, orada bərpa olunan elektrik enerjisi mənbələrinin yaradılması və sair. Bunlar Aİ-nin Azərbaycanın bölgədə yaratdığı yeni reallıqların Avropa İttifaqı rəhbəri tərəfindən növbəti dəfə yüksək səviyyədə təsdiqinin, tanınmasının əlaməti sayıla bilərmi?

Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, Azərbaycan bölgədə yeni reallıq yaradıb, hər kəs də artıq bununla hesablaşır. “Ermənistan da, böyük dövlətlər də, bizimlə daim çəkişmədə olanlar da, İran da, Rusiya da hesablaşırlar. Yəni Azərbaycan öz mövqeyini, istənilən ölkə ilə bərabərhüquqlu səviyyədə dialoq aparmağa hazır olduğunu, xoşniyyət olarsa xoşniyyətli cavab verəcəyini göstərdi. Əks halda kimlərsə Azərbaycana nə isə diqtə etmək istəsələr onların da cavabını verməyə hazır olduğunu nümayiş etdirdi. Azərbaycan öz mövqeyini heç bir ölkənin istəyindən aslı olmayaraq qurur. Hazırda Azərbaycanın regionda apardığı siyasət tamamilə müstəqildir. İran və Ukrayna məsələsi ilə bağlı da müstəqil siyasət aparır.

Regionda yeni münasibətlər sistemi yaranıb. Aİ-nin ən yüksək səviyyəli nümayəndəsinin Azərbaycana səfəri, görüş zamanı ən müxtəlif məsələlərin müzakirəsi çox müsbətdir. Birgə bəyannamədə Ermənistanla Azərbaycan arasında sülh prosesinin getməsi ilə bağlı razılıq ifadə olunub. Elə Azərbaycan Prezidenti də bir açıqlama verdi ki, Ermənistanın Orta Dəhlizə bir qol vasitəsilə birləşdirilmək fikirləri də var. Bu Azərbaycanın təşəbbüsüdür. Ermənistan da bundan çox yararlanacaq. Ermənistan kənarda qalmışdı, özü üçün bir utopiya, ilğım yaratmışdı ki, guya dünyanın sülh qovşağıdırlar. Azərbaycan reallığı göstərdi ki, Ermənistanın Azərbaycanın cızdığı yol xəritəsi ilə getməlidir. Zəngəzur dəhlizi Orta yolun bir hissəsidir. Orta yolla bağlı məsələlərə də Azərbaycan nəzarət edir. Ona görə də hesab edirəm ki, Aİ artıq başa düşür ki, Azərbaycanla hesablaşmaq, Azərbaycanın yaratdığı yeni reallığı qəbul etmək lazımdır. Aİ rəsmisi təsdiqlədi ki, onlar Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları qəbul edirlər”.

Azərbaycanın bütün mənalarda bölgədə böyük güc sahibi olduğunu deyən A.Nağının sözlərinə görə, İran böhranı zamanı təxliyələrin əksəriyyəti bizim ölkə vasitəsilə keçirildi. A.Nağı qeyd etdi ki, hətta müəyyən xarici səfirlik nümayəndələri Azərbaycanı tərk edib getmək istəmirdilər, sabitlik, sakitlik olduğu üçün burada qalmaq istəyirdilər. “Rusiya da, Amerika da, Avropa da, Asiya ölkələri də gördü ki, Azərbaycan necə konstruktiv rol oynayır, dar gündə öz köməyini heç kimdən əsirgəmir. Azərbaycan həm iqtisadi, həm siyasi, həm mənəvi cəhətdən də öz gücünü göstərir, bütün situasiyalardan üzü ağ çıxır.

Orta Dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizinin inşasının bir qismi başa çatıb, Azərbaycan öz işini görüb qurtarıb, Türkiyə də o prosesin içindədir. Yəni qitisadi cəhətdən də Azərbaycanın uğurlarını görürlər, eyni zamanda ən vacib məsələ olan enerji təhlükəsizliyi sahəsində də Azərbaycan hamı üçün vacib və sabit bir ölkə kimi öz iradəsini ortaya qoydu. Bu amillərin hamısı ortadadır. Hesab edirəm ki, Aİ özünün əvvəlki xoşagəlməz münasibətini arxada qoyub Azərbaycanla münasibətlərə yenidən baxacaq”-deyə A.Nağı bildirdi.

İradə SARIYEVA

Chosen
33
baki-xeber.com

1Sources