EN

Binəli Yıldırım: Zəngəzur dəhlizinin reallaşması Orta Dəhlizin imkanlarını daha da genişləndirəcək

Binəli
“Orta Dəhliz ətrafında ciddi münaqişələr və mübarizələr baş verir”. 1news.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım XIII Qlobal Bakı Forumu çərçivəsində Orta Dəhlizə həsr olunan panel müzakirəsində deyib.
O bildirib ki, Orta Dəhliz Avropa ilə Asiya arasında mühüm nəqliyyat və ticarət marşrutlarından biridir və onun potensialı mövcud imkanlardan daha genişdir. “Hazırda Asiyadan Avropaya daşımaların təxminən 90 faizi hələ də dəniz yolu ilə həyata keçirilir. Alternativ marşrutlar isə əsasən Şimal və Orta dəhlizlərdir. Avropa ilə Asiya arasında ticarət dövriyyəsi təxminən 3 trilyon dollar təşkil edir və bu, olduqca böyük rəqəmdir. Orta Dəhlizin payı isə hələlik məhduddur”, – deyə Yıldırım qeyd edib. Onun sözlərinə görə, əvvəlki dövrdə bu marşrutla daşınan yüklərin həcmi 1 milyon ton təşkil edirdisə, hazırda bu göstərici 5 milyon tona çatıb: “Lakin dəhlizin potensialı bundan qat-qat çoxdur və daşımaların həcmini 20 milyon tona qədər artırmaq mümkündür. Vaxt baxımından da Orta Dəhliz ən qısa marşrutlardan biridir və bu marşrut vasitəsilə yüklər 12–15 gün ərzində Şərqdən Qərbə çatdırıla bilər. Bu isə həm regional, həm də qlobal ticarətin inkişafına mühüm töhfə verir”. Binəli Yıldırım qeyd edib ki, Orta Dəhliz təkcə yükdaşımalar üçün deyil, həm də sivilizasiyaları bir araya gətirən mühüm kommunikasiya xəttidir: “Əsrlərboyu İpək yolu adlanan bu dəhliz müxtəlif mədəniyyətləri birləşdirib və Avropa üçün böyük imkanlar yaradıb. Bu gün də Orta Dəhliz Avropa ilə Asiya arasında təhlükəsiz və etibarlı nəqliyyat yolu hesab edilir. Zəngəzur dəhlizi də bu marşrutun bir hissəsidir və onun reallaşması Orta Dəhlizin imkanlarını daha da genişləndirəcək”. O əlavə edib ki, region üçün strateji əhəmiyyət daşıyan layihələrdən biri də TANAP qaz kəməridir:

“Bu layihə enerji ehtiyatlarının daşınmasını təmin edir və bir neçə ölkənin ərazisindən keçərək regional enerji təhlükəsizliyinə mühüm töhfə verir”.

Chosen
29
6
1news.az

7Sources