EN

Ali Məhkəmə qərar verdi: Şərikli ticarətdə pul tələbi

Ali Məhkəmənin Kommersiya kollegiyası şəriklik münasibətlərindən irəli gələn mübahisələrlə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, işin hallarına görə, tərəflər 2019-2023-cü illərdə birgə ticarət fəaliyyəti ilə məşğul olublar. Onlar maliyyə və gəlirin bölüşdürülməsi ilə bağlı razılaşıblar. Lakin 2023-cü ildə aralarındakı münasibətlər pozulub. Bundan sonra iddiaçı ticarət fəaliyyəti ilə bağlı bütün maliyyə vəsaitinin onun tərəfindən qoyulduğunu, cavabdehin isə marketin gündəlik idarə olunması ilə məşğul olduğunu və əldə edilən gəlirin aralarında tam bölüşdürülməsi barədə razılaşma olduğunu bildirərək, cavabdeh tərəfindən mənimsənildiyini iddia etdiyi 50.000 manatın ödənilməsini tələb edib.

Cavabdeh isə iddiaya etiraz edərək bildirib ki, ticarət fəaliyyəti ilə bağlı hər ikisi bərabər miqdarda vəsait qoyub, mallar onun adına alınıb, sonradan isə mal aldıqları şirkətlərə borclar yarandığı üçün fəaliyyət dayandırılıb. Hər iki tərəfin iştirakı ilə mağazadakı malların iki dəfə sayımı aparılıb və nəticələr məqbul hesab olunub. Hazırda iddiaçının onun iştirakı olmadan üçüncü dəfə sayım keçirməklə, mal qalığının dəyərinin əsassız olaraq ondan tələb olunduğu bildirilib.

Birinci instansiya məhkəməsi iddianı təmin edərək cavabdehdən iddiaçının xeyrinə 50.000 manatın tutulması barədə qərar qəbul edib. Apellyasiya instansiyası isə cavabdehin şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayıb. Cavabdeh bundan sonra kassasiya şikayəti verib.

İddiaçı cavabdehdən şəriklik münasibətlərinə istinadla pul tələb etdikdə, onun tərəfindən birgə fəaliyyətin şərtləri, o cümlədən iddia edilən qaydada şəriklik fəaliyyətinin həyata keçirilməsi (maliyyə vəsaitinin məhz iddiaçı tərəfindən qoyulması, cavabdehin heç bir vəsait qoymadan yalnız icraçı olması və.s ) sübut olunmalıdır. İddia tələbinə qiymət verilərkən bu xüsusatlar nəzərə alınmalıdır.

Sonda Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti təmin edilib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunub və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilib.

"Cebheinfo.az"

Chosen
34
23
cebheinfo.az

10Sources