EN

Mikayıl Cabbarov: Son 35 ildə region sülhə, sabitliyə və açıq sərhədlərə nail olub

BAKI, 13 mart. TELEQRAF

"Keçmiş Sovet İttifaqı ölkələrinin – yəni Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin müstəqilliyini bərpa etməsindən sonra ilk dəfədir ki, son 35 ildə region sülhə, sabitliyə və açıq sərhədlərə nail olub".

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

Nazir bildirib ki, bu proses Ermənistan və Azərbaycan arasında hazırda davam edən yekun normallaşma ilə də mümkün olub:

“Bu kontekstdə biz “Orta Dəhliz” adlandırdığımız təşəbbüs haqqında danışırıq. Bu, birgə siyasətimizin əsas elementlərindən biridir və Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir. Bu dəhliz yalnız ticarət və Çin vasitəsilə bu regiondan Türkiyəyə və Avropaya, eləcə də əks istiqamətdə malların daşınması üçün vacib deyil. Daha önəmlisi isə odur ki, bu dəhliz regionun iqtisadi, ticarət və investisiya inteqrasiyası üçün düzgün və effektiv bir alət kimi istifadə olunur.

Coğrafi kontekstə, xüsusilə də bu günlərdə baş verən hadisələrə baxdıqda, bu iki məqamın bir-biri ilə kəsişdiyini görürük. Çünki hazırda regionda baş verənlər beynəlxalq nizamın ciddi transformasiya çağırışı ilə üzləşdiyini bir daha göstərir – bunu ən yumşaq ifadə ilə belə demək olar”.

M.Cabbarov qeyd edib ki, bu baxımdan Azərbaycanın mövqeyi belə ümumiləşdirilə bilər: “Heç bir qaydanın olmamasındansa, hər hansı qaydaların olması daha yaxşıdır”.

Chosen
27
teleqraf.com

1Sources