EN

İrəvanın Moskva ilə gərgin "Qarabağ" qərarı – Paşinyan seçki üçün riskə gedir?

Ermənistan hökumətinin Azərbaycanın Qarabağ bölgəsindən köçən ermənilər üçün Rusiyanın humanitar yardımını qəbul etməməsi siyasi müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, revanşist erməni politoloq Akop Badalyanın sözlərinə görə, bu addım baş nazir Nikol Paşinyanın seçkiöncəsi siyasi strategiyası ilə bağlıdır.

Analitikin fikrincə, Paşinyan qarşıdakı seçkilər ərəfəsində nümayişkaranə şəkildə anti-Rusiya mövqeyi tutmağa çalışır və bunu seçici dəstəyini artırmaq üçün istifadə edir. Badalyan bildirir ki, baş nazirin seçki kampaniyasının əsas elementlərindən biri də Rusiyadan gəldiyi iddia olunan “hibrid təhdidlər” haqqında narrativlərdir.

Onun sözlərinə görə, bu narrativlər Paşinyanın bütün seçki kampaniyasının əsas dayaqlarından birinə çevrilib.

Politoloq hesab edir ki, yaranmış vəziyyətdə Qarabağdan köçmüş ermənilərin sosial-iqtisadi problemləri və ehtiyacları ikinci plana keçirilib. Badalyanın fikrincə, bu məsələ daha çox Ermənistanın daxili siyasi maraqlarına tabe etdirilib.

Bununla yanaşı, Ermənistan daxilində bəzi şərhçilər hesab edir ki, Paşinyanın bu qərarı Rusiyanın Qarabağ mövzusundan siyasi rıçaq kimi istifadə etmək cəhdlərinin qarşısını almağa yönəlib. Onların fikrincə, Moskva “humanitar yardım” adı altında Qarabağdan könüllü şəkildə köçən ermənilər üzərindən İrəvana siyasi təsir imkanlarını saxlamağa çalışırdı.

Xatırladaq ki, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əhaliyə vətəndaşlıq və təhlükəsizlik təminatları təqdim etmişdi. Buna baxmayaraq, həmin şəxslərin böyük hissəsi könüllü şəkildə Ermənistana köçməyi seçmişdi.

Bəzi müşahidəçilərin fikrincə, Rusiyanın yardım təşəbbüsü əslində Ermənistanda revanşist dairələr və Kremlə yaxın siyasi qruplar üçün əlavə təsir mexanizmi yaratmaq məqsədi daşıyırdı. Bu səbəbdən Paşinyanın yardımdan imtinası həmin çevrələr və bəzi Kremlə yaxın media strukturları tərəfindən kəskin narazılıqla qarşılanıb.

 

Musavat.com

Chosen
75
50
musavat.com

10Sources