EN

ÜST rəhbərindən BMT-yə sərt mesaj: “Ciddi islahatlar olmadan  problemlərin öhdəsindən gəlmək mümkün deyil”  

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus XIII Qlobal Bakı Forumunda çıxış edib.

Musavat.com bildirir ki, ÜST direktoru çıxışı zamanı qlobal idarəetmə sistemindəki problemlərə toxunaraq Birləşmiş Millətlər Təşkilatında ciddi dəyişikliklərin vacibliyini vurğulayıb.

O, BMT-yə üzv olan bəzi dövlətlər qəbul olunmuş qaydalara əməl etmir və bu vəziyyət beynəlxalq sistemin effektiv fəaliyyətinə mane olur.

Onun sözlərinə görə, qlobal problemlərin artdığı bir dövrdə beynəlxalq təşkilatların daha çevik və effektiv işləməsi üçün islahatlar qaçılmazdır.

Tedros Adhanom Qebreyesus qeyd edib ki, pandemiyalar, iqlim dəyişikliyi kimi hadisələr sərhəd tanımır və bu cür çağırışlarla mübarizə yalnız qlobal əməkdaşlıq sayəsində mümkün ola bilər. “Əgər biz qaydalara riayət etməsək, bəşəriyyət ciddi fəlakətlərlə üzləşə bilər”, – deyə o vurğulayıb.

ÜST rəhbəri son onilliklərdə səhiyyə sahəsində əldə olunan mühüm nailiyyətlərə də diqqət çəkib. Onun sözlərinə görə, 1945-ci ildə dünyada orta ömür uzunluğu təxminən 45 il idi, 2025-ci ildə isə bu göstərici 73,5 ilə yüksəlib. Bu artım sülh, inkişaf və səhiyyə sahəsində görülən işlərin nəticəsi kimi qiymətləndirilir.

O həmçinin bildirib ki, hazırda dünyada uşaqların 80 faizindən çoxu qızılca, tetanus, difteriya və pnevmoniya kimi ölümcül xəstəliklərə qarşı peyvənd olunur. Halbuki əvvəllər bu göstərici cəmi 5 faiz təşkil edirdi. Son 25 il ərzində İİV/QİÇS, malyariya və vərəm səbəbindən ölüm hallarında da ciddi azalma qeydə alınıb. Ana və uşaq ölümü göstəricilərində azalma isə ailələr üçün daha təhlükəsiz bir mühitin formalaşdığını göstərir.

Bununla yanaşı, Tedros Adhanom qlobal problemlərin miqyasının genişləndiyini və onların təkcə səhiyyə ilə məhdudlaşmadığını qeyd edib. Onun fikrincə, pandemiyalar və iqlim böhranı kimi sərhəd tanımayan təhlükələr beynəlxalq sistemin daha koordinasiyalı fəaliyyət göstərməsini tələb edir.

Xalidə Gəray
Musavat.com

Chosen
83
musavat.com

1Sources