EN

Binəli Yıldırım: Türkiyə-Azərbaycan həmrəyliyi bölgədə sülhün və sabitliyin ən güclü təminatlarından biridir  

Türkiyə ilə Azərbaycan “Bir millət, iki dövlət” anlayışı ilə hərəkət edən iki qardaş ölkədir. Bu anlayışa uyğun olaraq, Türkiyədə də güclü şəkildə ifadə edildiyi kimi, Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir, Türkiyənin sülhü Azərbaycanın sülhüdür. Bu güclü əlaqənin arxasında, hər iki ölkənin liderləri - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında qurulan səmimi dostluq və güclü etimad əlaqəsi dayanır. Bu liderlik və baxış sayəsində Türkiyə ilə Azərbaycan arasındakı həmrəylik yalnız ikitərəfli münasibətlər səviyyəsində deyil, həm də bölgəmizdə sülh, sabitlik və əməkdaşlıq baxımından güclü bir nümunə təşkil edir. Türkiyə-Azərbaycan həmrəyliyi yalnız iki ölkə arasında bir tərəfdaşlıq deyil, həm də bölgəmizdə sülhün və sabitliyin ən güclü təminatlarından biridir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım ifadə edib.

XIII Qlobal Bakı Forumunda iştirakından böyük məmnunluq hissi keçirdiyini qeyd edən Binəli Yıldırım deyib: “Fərqli coğrafiyalardan liderləri, siyasətçiləri, akademikləri və fikir insanlarını bir araya gətirən Qlobal Bakı Forumu, qlobal məsələlərin açıq dialoq mühitində müzakirə olunduğu son dərəcə önəmli bir platforma halına gəlib. Bu mühüm təşkilatın keçirilməsində əməyi keçən Prezident İlham Əliyevə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün rəhbərlərinə təşəkkür edirəm”.

O bildirib ki, baş verən müharibələr və geosiyasi gərginliklər yalnız siyasi tarazlıqlara deyil, həmçinin qlobal ticarət yollarına, enerji xətlərinə və təchizat zəncirlərinə də birbaşa təsir edir. Qlobal ticarətin təhlükəsizliyi və dayanıqlığı artıq yalnız iqtisadi deyil, həm də strateji təhlükəsizlik məsələsidir. Orta Dəhliz, Asiya ilə Avropa arasında təhlükəsiz, sürətli və dayanıqlı nəqliyyat və ticarət xətti kimi getdikcə daha böyük strateji əhəmiyyət qazanır. Xəzər bölgəsindən Qafqaza, Mərkəzi Asiyadan Anadoluya uzanan bu xətt region ölkələri arasında iqtisadi əməkdaşlığı gücləndirən, əlaqəliliyi artıran və qlobal ticarətin müxtəlifliyinə töhfə verən vacib bir marşrut kimi qiymətləndirilir. Bugünkü qlobal inkişaflar açıq şəkildə göstərir ki, Orta Dəhliz yalnız regional bir layihə deyil, həm də qlobal ticarətin təhlükəsizliyi baxımından strateji bir seçimdir.

“Ortaq tarix, mədəniyyət və sivilizasiya əlaqələri üzərində qurulan, Türk dünyasında getdikcə güclənən əməkdaşlıq siyasi, iqtisadi və institusional sahələrdə mühüm irəliləyiş əldə edib. Bu prosesin institusional təməli isə Türk Dövlətləri Təşkilatıdır. Təşkilat üzv ölkələr arasında siyasi dialoqu gücləndirən, iqtisadi əməkdaşlığı inkişaf etdirən və regional əlaqəliliyi artıran önəmli bir platforma halına gəlib. Türk dünyasında inkişaf edən bugünkü həmrəylik yalnız regional yaxınlaşma deyil, həm də Avrasiya coğrafiyasında sülhü, sabitliyi və əməkdaşlığı gücləndirən vacib bir dinamika kimi qiymətləndirilir. İnanıram ki, beynəlxalq icma ortaq ağıl və qarşılıqlı hörmət əsasında hərəkət edərək bu çətin dövrü daha tarazlı və inklüziv bir qlobal nizamın qurulması üçün fürsətə çevirə biləcək”, - deyə Binəli Yıldırım bildirib.

1Sources