EN

Novruz və çərşənbələr niyə əvvəlki kimi qeyd edilmir? Ekspert açıqladı

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Novruz bayramına qədər qeyd olunan çərşənbələrin əvvəlki illərlə müqayisədə daha zəif keçirildiyi, tonqalların, məhəllə şənliklərinin və bəzi adətlərin tədricən azaldığı barədə fikirlər səslənir. Bəzi mütəxəssislər bunu urbanizasiya, həyat tərzinin dəyişməsi və sosial şəbəkələrin təsiri ilə əlaqələndirirlər.

Doğrudanmı Novruz ənənələri yoxa çıxır?

Globalinfo.az-a danışan kulturoloq Aydın Xan Əbilov bildirib ki, Novruz və ilaxır çərşənbələrlə bağlı ənənəvi dünyagörüşləri, baxışlar və mərasimlərin keçirilmə forması ildən-ilə dəyişir:

“Bu dəyişikliklər həm də format baxımından özünü göstərir. Hər yeni nəsil bəzi ənənələri itirir, bəzilərini isə gücləndirir və nəticədə müxtəlif dəyişikliklər baş verir. Hazırda Novruz və ilaxır çərşənbələr daha çox virtual mühitdə – mesajlaşma tətbiqlərində, məsələn “WhatsApp” kimi çatlar vasitəsilə insanların bir-birini təbrik etməsi formasında müşahidə olunur. Bu həm də onu göstərir ki, biz Avropada baş verən sosial proseslərin müəyyən mənada təkrarını yaşayırıq. Cəmiyyət yaşlandıqca və həyat tərzi dəyişdikcə insanlar əvvəlki kimi aktiv şəkildə bayram ənənələrini həyata keçirə bilmirlər. Burada sosial şəbəkələrin də rolu var. Lakin tək səbəb bu deyil, sosial, iqtisadi və mədəni amillər də təsir göstərir. Əvvəllər məhəllələrdə çoxlu uşaqlar olurdu. İndi isə əksər ailədə bir və ya iki uşaq var, onların da təxmini  40 faizinin sağlamlığında problemlər mövcuddur. Valideynlər təhlükəsizlik səbəbilə onları çölə buraxmaqdan çəkinirlər”.

Kulturoloq qeyd edib ki, şəhərlərdə boş sahələrin azalması da bu prosesə təsir edib:

“Əvvəllər şəhərlərdə və məhəllələrdə boş yerlər çox idi. Uşaqlar tonqal qalayır, bayram şənlikləri keçirirdilər. İndi isə həmin yerlərin çoxu tikintilərlə əvəz olunub. Həyətlər demək olar ki, qalmayıb və uşaqların tonqal qalamaq üçün yerləri yoxdur. Bundan başqa, Novruz və ilaxır çərşənbələr zamanı istifadə olunan bəzi fişəng və partlayıcı vasitələrin satışı və ölkəyə gətirilməsi də qadağan edilib. Bu da əvvəlki illərlə müqayisədə bayram ab-havasının dəyişməsinə səbəb olur”.

Müsahibimizin sözlərinə görə, Novruz bayramı müəyyən qədər kommersiyalaşıb:

“Əvvəllər həyətlərdə, küçələrdə tonqallar qalayır, insanlar bir-biri ilə canlı ünsiyyət qururdular. İndi isə görüşlər daha çox virtual mühitdə baş verir. Bəzi hallarda insanlar bayram günlərini rayonlarda, turizm məkanlarında və ya restoranlarda qeyd edirlər. Bu, o demək deyil ki, bayram ənənələri yoxa çıxıb. Sadəcə onların formatı dəyişib. Həm ölkə daxilində yaşayan, həm də xaricdə yaşayan azərbaycanlılar Novruzu yenə də qeyd edirlər”.

Aydın Xan Əbilov hesab edir ki, məsələnin digər tərəfi iqtisadi amillərlə bağlıdır:

“Novruz mərasimləri artıq müəyyən mənada karnaval tipində təşkil olunur. İş adamları Novruz atributları istehsal edir, hətta tonqal üçün hazır məhsullar belə satışa çıxarılır. Əvvəllər səməni və boyanmış yumurtalar evdə hazırlanırdı, indi isə onları mağazalardan almaq mümkündür. Novruz şirniyyatları və müxtəlif çörək məmulatları da artıq geniş şəkildə satışdadır. Buna görə də bəzilərinə elə gəlir ki, ənənələr itib. Əslində isə ənənələr yox olmayıb, sadəcə kommersiyalaşıb və kreativ biznesin bir formasına çevrilib. Digər tərəfdən, insanların sosial-iqtisadi vəziyyəti də təsir göstərir. Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da qiymətlər artır, maaşlar isə eyni qalır. Bu səbəbdən bəzi ailələr bayramı əvvəlki kimi geniş şəkildə qeyd edə bilmir”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
globalinfo.az

1Sources