EN

İranı ram edə bilmirlər müharibənin uzanma təhlükəsi artır

ain.az, Reyting.az saytına istinadən bildirir.

ABŞ və İsrailin İran üzərində hərbi və siyasi təzyiqlərinin güclənməsinə baxmayaraq, Yaxın Şərqdə münaqişənin qısa müddətdə başa çatacağı real görünmür. Müharibənin uzanması regionda sabitliyi daha da zəiflədir və yeni qarşıdurma risklərini artırır. Davam edən hərbi əməliyyatlar həm mülki əhali, həm də hərbi qüvvələr arasında ciddi insan tələfatına səbəb olur. Eyni zamanda, müharibə enerji bazarlarında qeyri-sabitlik və geosiyasi gərginlik yaradır ki, bu da, qlobal iqtisadiyyata mənfi təsir göstərir.

Siyasi təhlilçi Əli Mustafa “Reytinq” qəzetinə müsahibəsində deyib ki, Amerika-İsrail cütlüyünün hücumu İranı kifayət qədər zəiflətsə də, bu, hələ İranın məğlub olması anlamına gəlmir: “Yəni İran müqavimət göstərir. Görünən odur ki, belə də davam edəcək. SEPAH faktiki olaraq iradə nümayiş etdirir, raketlərlə ABŞ bazalarını vurur. İran siyasətçilərinin açıqlamaları isə müqavimət göstərmək istiqamətindədir”.

Əli Mustafa bildirib ki, ABŞ-İsrail koalisiyası İranı nə qədər bombalasa, SEPAH-ın bazalarını, hərbi obyektləri, polis idarələrini və s. darmadağın etsə də, bütün bunlar İranı kapituliyasiyaya məcbur etmir: “İranı məğlub etmək üçün quru qoşunlarından istifadə lazımdır. Bu isə çətindir. Hətta mən düşünürəm ki, bu gedişlə ABŞ İranda “ilişib” qala bilər. Tramp çoxgedişli fiqurdur və mümkündür ki, sabah “İranda məqsədimizə çatdıq, müvə proqramını məhv etdik, raket sistemlərini viran qoyduq, İranı elə vəziyyətə saldıq ki, 50 il özünə gələ bilməyəcək”, - deyərək, savaş meydanından çəkilər. Bu sözlərdə müəyyən qədər həqiqət payı da var. Amma bu, İsrailin qarşısına qoyduğu hədəflərə çatması anlamına gəlmir. Hər halda rejimi dəyişmək, İranı ram etmək məsələsi var idi. Ancaq İranı ram edə bilmirlər”. 

Ə. Mustafa qeyd edib ki, hərbi-siyasi üstünlük ABŞ və İsrail tərəfindədir: “İranın hava məkanına faktiki oalaraq ABŞ ilə İsrail nəzarət edir, quruda isə İran özü hakimdir. Lakin tam qələbə yoxdur və rejim ayaqdadır. Üstəlik, savaş müddətində ictimai rəydə müəyyən qədər rejimin sosial bazasının formlaşdığı görünür. Xüsusilə, yeni dini lider seçildikdən sonra on minlərlə insanın Tehran küçələrində dəstək aksiyaları keçirdiyini gördük. Bütün bunlar deməyə əsas verir ki, müharibə davam edəcək”.

Əli Mustafa

Müsahibimizin fikrincə, ABŞ-ın əsas məqsədi İran neftinə nəzarət etmək və rejimi dəyişmək olsa da, bu məsələlərdə nəticə əldə edə bilməyiblər: “Digər məsələlərdə isə üstünlük var. İran hərbi strukturları vurulub, nüvə obyektlərinə zərbələr endirilib, hətta İranın uran ehtiyatlarını ələ keçirmək niyyətləri var. ABŞ müəyyən məsələlərdə nəticə əldə edib. İran da müqavimət göstərir, assimetrik mübarizə aparır, daha çox itki verməsinə baxmayaraq, iradə nümayiş etdirir. Üstəlik, İran öz raketləri ilə ABŞ və İsrail bazalarını vurur. Görünən odur ki, ABŞ-İsrail koalisiyasının İranın raket hücumlarını sıfırlamaq niyyəti də hələlik baş tutmayıb. Buna cəhdlər edilir, amma nəticə yoxdur. İran bir formada raket və dron imkanları hesabına müharibəni davam etdirir. Belə davam edəcəksə, sözsüz ki, müharibə uzanacaq”.

Ə. Mustafa qeyd edib ki, İranda müharibənin uzanması Amerika və İsrailin resurslarının tükənməsinə gətirib çıxara bilər: “Mənim qənaətimcə, savaş hələ davam edəcək. İndiki halda onu demək mümkündür ki, savaş ABŞ-ın planlaşdırdığı kimi getmir. İranın isə müqaviməti zəifləyib, gücü azalıb, dövlət kimi çox ciddi resurs itkilərini görürük. Yəni müharibə İranı da yetərincə zəiflədir. Əlbəttə, müharibənin hansı mərhələdə dyanacağını və ya hansı mərhələyə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. Bütün hallarda bu məsələdə nə ABŞ və İsrailin, nə də İranın planları baş tutmayıb. Gerçəklik tərəflərin bütün problemlərini alt-üst edib”.

Siyasi təhlilçi deyib ki, bu prosesdə ən təhlükəlisi savaşı regiona yaymaq cəhdləridir və bu, daha çox İranın cəhdi kimi müşahidə olunur: “Bəzən bunu İsrailin fəaliyyəti kimi qiymətləndirirlər. Savaşın yayılması vəziyyəti dəyişə və bölgə üçün böyük dağntılar gətirə bilər. Hələlik bu da baş verməyib. Savaş davam edəcək və mümkündür ki, Tramp hansısa anda savaşı dayandıra bilər. Bu məsələ daha çox ondan asılıdır. Ancaq çox güman ki, Tramp İranın ram olduğunu deyə bilməyəcək”.

Nemət ORUCOV

Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
67
reyting.az

1Sources