Son illərdə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq müxtəlif sahələrdə inkişaf edir. Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı ölkənin beynəlxalq əlaqələrinin genişlənməsinə və Avropa strukturları ilə dialoqun güclənməsinə töhfə verir. Avropa İttifaqı ilə ölkəmiz arasındakı yaxşı əlaqələrin mövcud olmasına vəsilə yaradan səbəblərdən biri də odur ki, Azərbaycan demokratik dəyərlərə malik ölkədir, insanların hüquq və azadlıqları qorunur, söz, mətbuat azadlığı mövcuddur. Eyni zamanda, qarşılıqlı əməkdaşlıq regionda sabitlik və inkişaf üçün də mühüm əhəmiyyət daşıyır. Martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri Avropa İttifaqınin ölkəmizə verdiyi önəmin ifadəsidir. Avropa İttifaqı ilə əməkdaşlığa Azərbaycan milli maraqları çərçivəsində böyük önəm verir. Bu gün Azərbaycanla qarşılıqlı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə malik olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir.
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə bütövlükdə regionumuzda yeni vəziyyət yaranıb. Bu baxımdan yeni mərhələdə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətləri bütövlükdə regionumuz üçün önəmlidir. Azərbaycan Avropa İttifaqının bir sıra üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. A.Koştanın Azərbaycana reallaşan səfəri də məhz yeni reallıqlar fonunda olduqca müsbət dəyərləndirilə bilər. Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı vurğuladığı kimi, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır.
“Əminəm ki, yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz, həmçinin Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır”.
Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanı Avropa İttifaqının əsas tərəfdaşı adlandırıb. O bildirib ki, ötən bir il ərzində biz münasibətlərimizi yenidən canlandırmışıq. Bugünkü görüş bizim xüsusilə təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə olan birgə öhdəliyimizin bariz əlamətidir. Avropa İttifaqı bu günün çağırışlarını sabahın fürsətlərinə çevirmək üçün Azərbaycanla işləməyə sadiqdir.
Avropa İttifaqı Şurasının Prezidenti A.Koştanın “Sizin rəhbərliyiniz zəruridir və bizim tərəfdaşlığımız güclüdür” fikri isə dövlətimizin başçısının dünya miqyasında nə qədər güclü lider olduğunu təsdiqləyir.
Füzuli Abdullayev,
YAP Ağsu rayon təşkilatının sədri