EN

Memar: WUF13 mədəni irsimizin mühafizəsi və abidələrimizin bərpası prosesini sürətləndirəcək

Bakı, 12 mart, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) kimi qlobal platformanın Azərbaycanda keçirilməsi həm şəhərsalma, həm də tarixi irsin qorunması sahəsində elmi və praktik əməkdaşlığın genişlənməsinə şərait yaradacaq.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müəllimi, memar İlqar Balakişiyev deyib.

O bildirib ki, 2026-cı ildə Bakıda keçiriləcək WUF13 bu istiqamətdə mühüm platforma rolunu oynayacaq. Forum çərçivəsində davamlı şəhərsalma, tarixi irsin qorunması və şəhər mühitində mədəni dəyərlərin yaşadılması ilə bağlı beynəlxalq təcrübənin müzakirəsi ölkəmizdə abidələrin bərpası sahəsində yeni yanaşmaların tətbiqinə əlavə stimul verəcək:”Bu forum çərçivəsində aparılan müzakirələr və qəbul edilən qərarlar mədəni irsin qorunması və bərpası prosesini bir neçə strateji istiqamətdə sürətləndirə bilər”.

İlqar Balakişiyev diqqətə çatdırıb ki, təmsil etdiyi universitetdə bu istiqamətdə tədrisin daha da təkmilləşdirilməsi məqsədilə beynəlxalq əməkdaşlıq genişləndirilir və qabaqcıl təcrübələr təhsil prosesinə inteqrasiya olunur: “Abidələrin bərpası ixtisası üzrə AzMİU ilə Böyük Britaniyanın Vestminister Universiteti arasında imzalanmış ikili diplom proqramı bu sahədə keyfiyyətcə yeni mərhələnin başlancığı, o cümlədən Azərbaycanda memarlıq və bərpa təhsilinin qlobal standartlara uyğunlaşdırılması istiqamətində atılmış ən strateji addımlardan biridir. Proqram çərçivəsində tədris planımız Vestminister Universitetinin müvafiq proqramı ilə uyğunlaşdırılıb və tələbələr abidələrin bərpası sahəsində Böyük Britaniyanın zəngin elmi və praktik təcrübəsini öyrənmək imkanı əldə ediblər. Böyük Britaniyanın, xüsusilə də Vestminister Universitetinin bu sahədəki çoxəsrlik təcrübəsi bizim tələbələr üçün misilsiz bir məktəbdir. Bu yanaşma həm nəzəri biliklərin, həm də praktik bacarıqların beynəlxalq standartlara uyğun şəkildə formalaşmasına xidmət edir. Əldə olunan bilik və bacarıqlar xüsusilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma prosesləri baxımından böyük əhəmiyyət kəsb edir. Müasir texnologiyaların və qabaqcıl metodların tətbiqi tarixi abidələrin orijinallığını qorumaqla onların elmi əsaslarla bərpasına imkan yaradacaq və bu sahədə ölkəmizin potensialını daha da gücləndirəcək”,- deyə o vurğulayıb.

Müxbir- Günel Türksoy

Chosen
76
1
azertag.az

2Sources