EN

Sabiq kansler: "ABŞ və Rusiya razılaşmaya Avropa ilə Rusiyanın yaxınlaşmasından daha çox yaxındır"


Avstriya Respublikasının sabiq Federal Kansleri Alfred Husenbauer XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal Təhlükəsizlik və Güc Balansı: Beynəlxalq Hüquqa Hörmət – Yeni Məsələlər, Yeni Çağırışlar” adlı paneldə çıxış edib.

Musavat.com bildirir ki, sabiq kansler qlobal təhlükəsizlik və beynəlxalq hüquq anlayışının müasir aspektləri barədə dərin fikirlərini bölüşüb.

Husenbauer bildirib ki, ABŞ, Avropa və Rusiya arasında təhlükəsizlik anlayışlarında fundamental fərqlər mövcuddur və bu, beynəlxalq razılaşmaların və strategiyaların formalaşmasına birbaşa təsir göstərir:

“Amerikanın strateji düşüncəsində əsas diqqət razılaşmalara və təşviqlərə yönəlir. Münaqişələr isə icra edilə bilən çərçivələrin yaradılması ilə idarə olunur, bu çərçivələrdə hər bir tərəf sabitlikdən daha çox qazanc əldə etməlidir. Avropa düşüncəsində isə əsas vurğu hüquqa, suverenliyə və dövlətlərin bütövlüyünə edilir. Sülh legitimliyə və sərhədlərin toxunulmazlığı prinsipinə əsaslanmalıdır”.

O əlavə edib ki, Rusiya modeli təhlükəsizlik məsələlərini güc, prestij və strateji bufer zonaları üzərində qurur, Çin isə Rusiya və Avropa modellərinin qarışığına əsaslanır:

“Bu üç konsepsiyanı müqayisə etdikdə əsas gərginliklərin mənbəyi aydın olur. Amerika modeli hesab edir ki, milli maraqlara verilən təşviqlər dövlətlərin davranışını formalaşdıra bilər. Avropa modeli sabitliyin hüquqi normalardan və suveren bərabərlikdən yarandığını qəbul edir. Rusiya modeli isə təhlükəsizliyin gücdən, tanınmadan və ətraf məkan üzərində nəzarətdən qaynaqlandığını düşünür”.

Husenbauer qeyd edib ki, Ukrayna ilə bağlı müzakirələrdə də eyni yanaşmalar müşahidə olunur:

“Görünür ki, ABŞ və Rusiya razılaşmaya Avropa ilə Rusiyanın yaxınlaşmasından daha çox yaxındır. Bu, əsasən təhlükəsizlik anlayışına dair fərqli düşüncə çərçivələrindən qaynaqlanır. Təhlükəsizlik anlayışlarındakı fərqlərlə yanaşı, Qlobal Şimal və Qlobal Cənub ölkələrinin hər biri eyni təhlükə və çağırışlarla üzləşir. Lakin eyni yanaşmanı bütün tərəflərə tətbiq etmək mövcud uçurumu daha da dərinləşdirir”.

Sabiq kansler vurğulayıb ki, strategiyalar regionların spesifik vəziyyətləri, sosial-iqtisadi və siyasi şəraitləri nəzərə alınaraq formalaşdırılmalıdır.

Husenbauer həmçinin 21-ci əsrdə qlobal təhlükəsizliyin yalnız hərbi və siyasi aspektlərlə məhdudlaşmadığını vurğulayıb:

“Qlobal təhlükəsizlik həm də sosial, iqtisadi və ekoloji təhlükəsizlik elementlərini əhatə edən daha kompleks və çoxşaxəli anlayış kimi qiymətləndirilməlidir. Hazırkı çağırışlar yalnız silah gücü ilə həll edilə bilməz. Qlobal stabilliyin təmin olunması üçün hüquqa, əməkdaşlığa və çoxşaxəli strateji yanaşmalara ciddi ehtiyac var”.

Husenbauerin fikrincə, liberal demokratiyanın əsas dayağı hazırda Avropa İttifaqıdır və onun rolu qlobal təhlükəsizliyin qorunmasında həlledici əhəmiyyət daşıyır. O, qeyd edib ki, ABŞ və Avropa arasındakı strateji əməkdaşlıq da dəyişən qlobal reallıqlara uyğun olaraq yenidən formalaşmalıdır.

Xalidə Gəray
Musavat.com

Chosen
28
2
musavat.com

3Sources