EN

“Qlobal Bakı Forumu insanlığı təsir edə biləcək qlobal problemləri müzakirə edir” - Barin Kayaoğlu

“Antik dövrlərdən bu günə qədər bəşəriyyət müxtəlif qarışıqlıqlar və münaqişələrlə üzləşib. Müasir dövrün təhlükəli tərəfi isə silahların güclü, sürətli və kütləvi olmasıdır ki, bu da faciələrin miqyasını artırır. Lakin Qlobal Bakı Forumu yalnız müharibələri deyil, həmçinin insanlığın uzunmüddətli perspektivini təsir edə biləcək məsələləri də gündəmə gətirir”.

Bu fikirləri Ankara Elm Universiteti, Regional Araşdırmalar İnstitutu, Sosial Elmlər üzrə Katib və Amerika üzrə Köməkçi Professoru Barin Kayaoğlu XIII Qlobal Bakı Forumda SİA- ya açıqlamasında deyib.

O qeyd edib ki, forum çərçivəsində müzakirə olunan problemlər arasında ətraf mühitin qorunması, iqlim dəyişikliyi, xəstəliklər və pandemiyalar xüsusilə diqqət mərkəzindədir: “Bir qədər əvvəl Dünya Səhiyyə Təşkilatının keçmiş rəhbərlərindən biri olan Dr. Tedros Adhanom Gebreyesusu dinlədik. O vurğuladı ki, patogenlər viza və pasport soruşmur. Bu, qlobal risklərin sərhəd tanımadığını göstərir”.

Professor əlavə edib ki, Qlobal Bakı Forumu və dünyanın müxtəlif ölkələrindən gəlmiş ekspertlərin bir araya gətirilməsi bu problemlərin həllinə töhfə verən çox önəmli platformadır: “Belə tədbirlər qlobal əməkdaşlığı gücləndirir və problemlərin həllində beynəlxalq təcrübə mübadiləsini təmin edir”.

Müəllif: Günel Fərzəliyeva
Chosen
22
1
sia.az

2Sources