EN

Əlyazmalar İnstitutu iki böyük ədibin epistolyar irsini nəşr edib

Bakı, 12 mart, AZƏRTAC

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin əməkdaşı Vüsalə Nuriyevanın “Əbdürrəhim bəy Haqverdiyev və Süleyman Sani Axundov arxivlərində saxlanılan məktublar” kitabı işıq üzü görüb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Əbdürrəhim bəy Haqverdiyevin və Süleyman Sani Axundovun şəxsi arxivlərində qorunan məktubların transfoneliterasiyasını və elmi təhlilini təqdim edir. Topluda yer alan məktublar dövrün ədəbi-mədəni mühitini, ziyalılar arasında mövcud olan mənəvi əlaqələri və maarifçilik ideyalarının yayılmasını əks etdirir. Əsər həm epistolyar irs, həm də memuar ədəbiyyatının tədqiqi baxımından mühüm mənbə kimi dəyərləndirilir. Məktublarda müəlliflərin dövrün ictimai hadisələrinə münasibəti, yaradıcılıq prinsipləri və şəxsi duyğuları öz əksini tapır. Kitab həm tədqiqatçılar, həm də Azərbaycan ədəbiyyatının tarixini dərindən öyrənmək istəyən oxucular üçün elmi materialdır.

Qeyd edək ki, layihənin rəhbəri filologiya elmləri doktoru dosent Nailə Səmədova, yeni nəşrin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru dosent Könül Bağırova, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları Aytən Quliyeva və Nurlana Babayevadır. Kitabda yer alan geniş “Ön söz”ün müəllifi Vüsalə Nuriyevadır.

Chosen
67
1
azertag.az

2Sources