BAKI, 12 mart. TELEQRAF
Müasir dünyada ədalət, beynəlxalq hüquq və dövlətlərarası münasibətlərdə yaranan gərginliklər qlobal təhlükəsizlik arxitekturasının yenidən nəzərdən keçirilməsini zəruri edir.
Teleqraf xəbər verir ki, bu barədə Latviyanın sabiq prezidenti (1999–2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
Vayra Vike-Frayberqa Birləşmiş Millətlər Təşkilatının (BMT) strukturundakı ədalətsizliyə toxunaraq qeyd edib ki, quruma üzv olan hər bir dövlətin suveren hüquqları və bayrağı olsa da, Təhlükəsizlik Şurasının beş daimi üzvünün veto hüququ bu bərabərlik prinsipini inkar edir.
Onun sözlərinə görə, İkinci Dünya müharibəsinin qaliblərinə verilən bu imtiyazlar artıq müasir dünyanın əhali paylanmasını və iqtisadi güc balansını əks etdirmir.
Sabiq prezident informasiya texnologiyalarının hökm sürdüyü müasir dövrdə ədalət anlayışının təhrif edildiyini vurğulayaraq Rusiyanın Ukraynaya qarşı apardığı aqressiyanı və xüsusilə mülki şəxslərə yönəlmiş müharibə üsullarını pisləyib.
Çıxışında ABŞ-nin ticarət yollarından və münasibətlərindən bir silah kimi istifadə etmək meyllərini də tənqid edən V.Vike-Frayberqa bildirib:
"Ən narahatedici məqam müttəfiqlər və tərəfdaşlar arasında qarşılıqlı hörmət və bərabərliyin qəbul edilməməsidir. Biz ABŞ-nin Kanada kimi iqtisadi cəhətdən sıx bağlı olduğu bir ölkəyə qarşı nümayiş etdirdiyi aqressiv yanaşmanı gördük. Halbuki ABŞ Kanadadan gələn xammal və enerji resursları olmadan fəaliyyət göstərə bilməz. Lakin kanadalıların bu münasibətə qarşı fərdi və kollektiv şəkildə verdiyi cavab gələcək üçün ümidvericidir. Hökumətin qərarı olmadan, vətəndaşların öz seçimləri ilə ABŞ-yə səfərlərdən imtina etməsi Amerika turizm sənayesinə və digər sektorlara ciddi iqtisadi zərbə vurub. Bu, fərdlərin kollektiv gücünün nümayişidir”.