Çeçenistan lideri ABŞ və İsrailin Ramazan ayında İrana qarşı edilən hücum “bütün İslam dünyasında parçalanma yaratmaq cəhdi” kimi qiymətləndirdi
Ramzan Kadırov ilk dəfə İran ətrafında yaranmış hərbi-siyasi gərginlik barədə danışıb.
Turkustan.az Rusiya mediasına istinadən xəbər verir ki, Çeçenistan rəhbəri Körfəz ölkələrindəki mülki obyektlərə endirilən zərbələri tənqid edib və mülki əhalinin təhlükəsizliyinin təmin olunmasına çağırıb.
Kadırov bildirib ki, ABŞ və İsrail tərəfindən müqəddəs Ramazan ayında İrana qarşı edilən hücum “bütün İslam dünyasında parçalanma yaratmaq cəhdi” kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, İranın ABŞ hərbi bazalarına zərbəsi “düşmənə gözlənilən cavab” idi.
Bununla yanaşı, Kadırov vurğulayıb ki, üçüncü ölkələrin mülki infrastrukturlarına zərbələr və dinc insanların ölümü heç bir halda qəbul edilə bilməz. O qeyd edib ki, hücumlar nəticəsində Yaxın Şərqdə, o cümlədən Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ərazisində mülki şəxslər zərər görüb.
Çeçenistan rəhbərinin sözlərinə görə, BƏƏ regionun ən sabit və təhlükəsiz ölkələrindən biridir və qonşularına qarşı hərbi iddiaları olmayıb. Buna baxmayaraq, mülki obyektlərə zərbələr və insan itkiləri fonunda ölkə öz vətəndaşlarını qorumaq üçün ciddi addımlar atmağa məcburdur.
Kadırov əlavə edib ki, ilin əvvəlində ona Səudiyyə Ərəbistan, Qatar, Bəhreyn və bir sıra digər ölkələrin səfirləri ilə geniş görüş keçirmək təklifi olunub. Lakin həmin görüşdə BƏƏ səfiri iştirak etmədiyi üçün o, formatın genişləndirilməsini və bu ölkənin nümayəndəsinin də iştirakını tələb edib. Onun fikrincə, region xalqlarını tarix, din, mədəniyyət və iqtisadi əlaqələr birləşdirir və dialoq qorunmalıdır.

Kadırovun bu açıqlaması təsadüfi deyil. Son illərdə Ramzan Kadırov ərəb və ümumilikdə müsəlman dünyası ilə siyasi və dini əlaqələrini aktiv şəkildə gücləndirir. Birincisi, onu ərəb ölkələri ilə dini faktor birləşdirir. Çeçenistan rəhbəri özünü İslam dəyərlərinin müdafiəçisi kimi təqdim edir və Yaxın Şərqdəki bir çox dövlətlə məhz bu dini platforma üzərindən əlaqələr qurur. Ramazan, Həcc və İslam həmrəyliyi mövzuları onun siyasi ritorikasında tez-tez yer alır.
Kadırov Rusiyanın ərəb ölkələri ilə siyasi və diplomatik əlaqələrində mühüm rol oynayır. O, mütəmadi olaraq Körfəz ölkələrinin nümayəndələri ilə görüşlər keçirir. Bu görüşlər həm dini layihələr, həm də humanitar və iqtisadi əməkdaşlıqla bağlı olur.
Ərəb dünyası ilə əlaqələr maliyyə və investisiya amili də mühüm faktordur. Son illərdə Çeçenistanda bir sıra dini və sosial layihələr ərəb fondlarının dəstəyi ilə həyata keçirilib. Bu, Kadırovun region ölkələri ilə münasibətlərini daha da möhkəmləndirib.
Nəhayət, Kadırov üçün ərəb dünyası ilə əlaqələr geosiyasi imic məsələsidir. O, özünü yalnız regional lider deyil, həm də İslam dünyasında nüfuz sahibi kimi təqdim etməyə çalışır. Bu səbəbdən Yaxın Şərqdə baş verən hadisələrə tez-tez münasibət bildirir və müsəlman ölkələri arasında dialoqun tərəfdarı kimi çıxış edir.
Bu kontekstdə onun İran böhranı ilə bağlı bəyanatı həm dini həmrəylik mesajı, həm də Körfəz ölkələri ilə siyasi münasibətləri qorumaq cəhdi kimi qiymətləndirilə bilər. /Musavat.com/