AZ

"Politico": Trampın enerji pələng komandası İran böhranında çıxış yolu tapa bilmir

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarından sonra qlobal enerji bazarlarında yaranan gərginlik Vaşinqtonun enerji strategiyasını və prezident Donald Trampın formalaşdırdığı “enerji komandası”nın effektivliyini yenidən müzakirə mövzusuna çevirib.

Musavat.com xəbər verir ki, nüfuzlu "Politico" nəşri ABŞ prezidenti Donald Trampın enerji siyasəti və İranla münaqişədən sonra yaranan enerji böhranı ilə bağlı diqqətçəkən təhlil dərc edib.

Yazıda qeyd olunur ki, Tramp hakimiyyətə gələndə “enerji dominantlığı” strategiyasının ABŞ üçün yeni iqtisadi yüksəliş və qlobal sabitlik dövrü yaradacağını vəd etmişdi. Lakin 15 ay sonra Tramp administrasiyasının özünün “Tiger Team” (Pələng komandası) adlandırdığı enerji komandasında daxili işlər naziri vəzifəsini tutan Duq Burqum və energetika naziri Kris Rayt – İranla müharibədən sonra qlobal neft qiymətlərinin kəskin artması fonunda çətin vəziyyətə düşüb.

Politico yazır ki, ABŞ-ın İrana hücumundan sonra qlobal enerji bazarında ciddi gərginlik yaranıb və administrasiya enerji qiymətlərinin artmasının yaratdığı inflyasiya riskini azaltmaq üçün təcili tədbirlər axtarmağa başlayıb.

Duq Burqum mediaya açıqlamalarında vəziyyətin müvəqqəti olduğunu bildirsə də, Ağ Ev daxilində bəzi əməkdaşlar onun çıxışlarının və ictimai tədbirlərdə iştirakının istehza ilə qarşılandığını gizlətmir. Məsələn, Burqumun Rupert Merdokun ad günü mərasimində iştirak etməsi belə tənqidlərə səbəb olub.

Energetika naziri Kris Rayt isə bazarları sakitləşdirməyə çalışsa da, onun açıqlamaları gözlənilən effekti verməyib. Hətta Energetika Nazirliyi ABŞ hərbi gəmilərinin Hörmüz boğazından keçən neft tankerini müşayiət etdiyini iddia edən yanlış paylaşımı sosial şəbəkədən silmək məcburiyyətində qalıb. Bu paylaşım qlobal neft bazarında əlavə dalğalanmaya səbəb olub.

Enerji mütəxəssisləri hesab edir ki, Tramp administrasiyası İranla müharibənin neft bazarına təsirini düzgün qiymətləndirməyib. ABŞ-da neft hasilatı rekord səviyyədə olsa da, son iki həftədə benzinin qiyməti bir gallon üçün təxminən 60 sent artıb.

İlk mərhələdə administrasiya İranın Hörmüz boğazına təhdidlərinin azalması ilə bazarların sabitləşəcəyini iddia edirdi. Lakin sonradan ABŞ və digər ölkələr strateji ehtiyatlardan 400 milyon barrelədək neft buraxmaq barədə razılığa gəldilər.

Energetika naziri Rayt ABŞ-ın Strateji Neft Ehtiyatlarından 120 gün ərzində 172 milyon barrel neftin bazara çıxarılacağını açıqlayıb. Buna baxmayaraq, neft bazarları bu addıma ciddi reaksiya verməyib.

ABŞ prezidenti Donald Tramp isə qərarı belə izah edib:

“Biz bunu edəcəyik və sonra ehtiyatları yenidən dolduracağıq. Amma indi bir qədər azaltmaq qiymətləri aşağı salmağa kömək edəcək”.

Politico yazır ki, administrasiyanın enerji strategiyasındakı qarışıqlıq tənqidlərə səbəb olub. Demokrat senator Kris Mörfi administrasiyanı İranla müharibəyə başlamazdan əvvəl Hörmüz boğazının təhlükəsizliyi üçün plan hazırlamamaqda günahlandırıb.

Tramp administrasiyası isə vəziyyəti sabitləşdirmək üçün bir sıra addımlar atmağa çalışır. Bunlara tanker şirkətləri üçün ABŞ sığorta zəmanətləri, Hindistan üçün Rusiya nefti ilə bağlı sanksiyaların yumşaldılması və ABŞ hərbi gəmilərinin tankerləri qoruması kimi tədbirlər daxildir.

Lakin ABŞ Hərbi Dəniz Qüvvələri sonradan tankerlərin təhlükəsizliyinə tam zəmanət verə bilməyəcəyini açıqlayıb. Eyni zamanda Hörmüz boğazında bir neçə yük gəmisinə hücum və İranın mina yerləşdirmə cəhdləri bazardakı gərginliyi daha da artırıb.

Politico yazır ki, Trampın yaratdığı Milli Enerji Dominantlığı Şurası (NEDC) əsasən ABŞ enerji layihələrinin təşviqi ilə məşğul olub və qlobal enerji böhranına hazırlıqda ciddi rol oynamayıb.

Şuranın üzvləri arasında dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri Li Zeldin və digər yüksək vəzifəli şəxslər də yer alır.

Bununla belə, enerji sektorunda çalışan bəzi ekspertlər hesab edir ki, bu qurum daha çox PR mexanizmi rolunu oynayır.

“Məncə bu daha çox PR strukturudur. Orada ciddi siyasət formalaşdırma potensialı çox azdır”,-deyə bir enerji lobbiçisi Politico-ya bildirib:

Hazırda neft qiymətlərinin artması ABŞ neft şirkətlərinə əlavə gəlir gətirsə də, istehsalçılar yeni qazma layihələrinə başlamağa tələsmirlər. Onların fikrincə, müharibənin nə qədər davam edəcəyi və qiymət artımının nə qədər qalıcı olacağı hələ də qeyri-müəyyəndir.

Beləliklə, "Politico"  analitiklərinin fikrincə, Trampın böyük ümidlərlə təqdim etdiyi “enerji pələng komandası” İran böhranı fonunda hələlik gözlənilən təsiri göstərə bilmir və qlobal enerji bazarında sabitlik yaratmaq üçün aydın strategiya ortaya qoymayıb.

Musavat.com

Seçilən
81
50
musavat.com

10Mənbələr