EN

Müasir musiqi ilə Azərbaycanın zəngin mahnı irsi sintez olunmalıdır Avroviziya AÇIQLAMASI KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanı “Avroviziya 2026″da təmsil edəcək JIVA-nın “Just Go” mahnısı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir çox istifadəçilər mahnının uğursuzluğuna, ölkəni yetərincə yaxşı təmsil etmədiyinə və seçim prosesinin mübahisəliliyinə diqqət çəkir. Müzakirələr fonunda mahnının uğur qazanmaq şansı və ümumiyyətlə seçim strategiyası ilə bağlı suallar yenidən gündəmə gəlib.

Son illər Azərbaycanın müsabiqədə nəticələrinin əvvəlki dövrlə müqayisədə zəifləməsi də müşahidə edilir.

Bəs, Azərbaycan “Avroviziya” üçün mahnı seçərkən daha çox beynəlxalq trendə, yoxsa milli elementlərə üstünlük verməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, ekspert Zamiq Yunisov deyib:

“Azərbaycanın Avroviziya Mahnı Müsabiqəsi”ndə iştirakı yalnız musiqi hadisəsi deyil, həm də ölkəmizin beynəlxalq mədəni təqdimatı baxımından mühüm platformadır”.

“Bu il ölkəmizi təmsil edəcək mahnı ətrafında sosial şəbəkələrdə səslənən müxtəlif fikirlər, tənqid və müzakirələr təbii qarşılanmalıdır. Bu, cəmiyyətin mədəni proseslərə həssas yanaşmasının göstəricisidir, — deyə Zamiq Yunisov əlavə edib.

“Hesab edirəm ki, Azərbaycan “Avroviziya” üçün mahnı seçərkən əsasən balanslı və strateji yanaşmaya üstünlük verməlidir. Yalnız beynəlxalq trendə uyğunlaşmaq və ya milli elementlərə söykənmək düzgün nəticə vermir. Ən optimal yol müasir musiqi dili ilə Azərbaycanın zəngin musiqi irsinin peşəkar sintezidir”, — deyə ekspert qeyd edib.

Azərbaycanı fərqləndirən başlıca amilə də toxunan Zamiq Yunisov vurğulayıb:

“Bizi fərqli edən milli musiqi üslubudur. Muğam intonasiyaları, milli melodika və ritm elementlərinin müasir aranjman və güclü səhnə konsepti ilə təqdim olunması ölkəmizin beynəlxalq arenada daha inamlı və fərqli görünməsinə şərait yaradır. Bununla yanaşı, “Avroviziya” formatının televiziya şousu olduğu nəzərə alınmalı, mahnının melodik cəlbediciliyi, səhnə performansı, vizual həll və emosional təsir gücü xüsusi diqqətdə saxlanılmalıdır”.

“Son illər nəticələrin əvvəlki dövrlə müqayisədə zəifləməsi göstərir ki, seçim mexanizmi daha şəffaf, peşəkar və beynəlxalq təcrübəyə açıq şəkildə qurulmalıdır. Bu prosesdə yerli və xarici bəstəkarların, prodüserlərin və səhnə mütəxəssislərinin iştirakı nəticənin güclənməsinə töhfə verə bilər. Nəticə etibarilə, Azərbaycan “Avroviziya” üçün mahnı seçərkən prioriteti balanslı strategiyaya verməlidir. Beynəlxalq tendensiyalara uyğun, lakin milli kimliyi aydın şəkildə əks etdirən yüksək səviyyəli əsərlər ölkəmizi daha uğurla təmsil edə bilər, — deyə o, sonda bildirib.

Dəniz Pənahova

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
46
1
konkret.az

2Sources