EN

Ekspert: “Bəzi test nümunələri şagirdlərin indiyə qədər görmədiyi formaya bənzədiyi üçün çətinlik yaradıb”

Martın 10-da keçirilən 11 illik buraxılış imtahanları ilə bağlı narazılıqlar yaranıb. Abituriyentlər tərtib olunan suallardan razı olmadıqlarını və imtahana düşən sualların keçirilən proqramı əhatə etmədiyini bildiriblər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən təhsil eksperti Səbuhi Abdullayevin sözlərinə görə, keçirilmiş buraxılış imtahanı ilə bağlı ictimaiyyətdə bəzi narahatlıqlar var və bunun əsas səbəblərindən biri imtahana salınan sualların çətinlik səviyyəsi ilə bağlıdır:

 

“İlkin baxışda sualların proqramı əhatə etdiyi görünsə də, çətinlik səviyyəsi nisbətən fərqli olub. İngilis dili ilə bağlı olan sualların qrammatik hissəsi rahat olsa da, şagirdlər dinləmə ilə bağlı suallarda daha çox çətinlik çəkiblər. Digər tərəfdən Azərbaycan dili ilə bağlı olan hissədəki suallar, buraxılışdan daha çox blok imtahanına oxşaması ilə səciyyələnib. Riyaziyyat üzrə test tapşırıqları ilə bağlı bunu deyə bilərəm ki, qapalı tip test tapşırıqları sualları nisbətən asan, ancaq açıq tipli test tapşırıqları, xüsusilə də yazı tələb edən test tapşırıqları kifayət qədər çətin olub. Adətən testi tərtib edən zaman qapalıların nisbətən çətin, açıqların isə asan qoyulması gərəkli olur ki, şagirdlərimiz həmin açıq sualları yazıb qiymətləndirsinlər. Bəzi sualların isə xarici ədəbiyyatlardan götürülmüş test nümunələrinin olduğu görünür. Bu da proqramı əhatə etsə də ancaq şagirdlərin indiyə qədər görmədiyi formaya bənzədiyinə görə onlar üçün kifayət qədər çətinlik yaradıb. Bu da onların imtahan ballarına təsir göstərəcək”.

 

Şəhanə Quliyeva

Tarix: 11 Mart 2026, 13:29   
Chosen
53
1
pravda.az

2Sources