EN

“Türkiyə ilə Azərbaycan razılaşıblar ki, İrandan hücum təkrarlanarsa...” Fərhad Məmmədov

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Birinci hissə BURADA

“Naxçıvana hücum riskinin tam aradan qalxdığını demək çətindir”

– Ən diqqətçəkən məqamlardan biri də İranın Türkiyə istiqamətində yenidən ballistik raket atmasıdır. Raket Aralıq dənizindəki NATO gəmiləri tərəfindən vurulub. Həm əvvəlki, həm də sonuncu hücumun hədəfinin NATO-nun Adanadakı İncirlik hərbi bazası və ya Malatyada yerləşən Kürəcik radar stansiyası ola biləcəyi ehtimal olunur. İran Türkiyəni və NATO-nu müharibəyə qoşmaq istəyir?

– Hesab edirəm ki, İranın məqsədi daha çox ölkənin ABŞ-a təzyiq göstərməsinə nail olmaqdır. Digər tərəfdən, İran bu hücumlarla ABŞ-a göstərmək istəyir ki, onun hərbçiləri regionda heç bir yerdə tam təhlükəsiz deyil.

Əlbəttə, bu addımlar İran üçün ciddi mənfi nəticələr də doğura bilər. Məsələn, Türkiyə belə hallarda İrana qarşı daha sərt addımlar atar. Lakin indiki mərhələdə görünən odur ki, Türkiyə hər vasitə ilə müharibənin birbaşa iştirakçısına çevrilmək istəmir. Hətta belə hücumlardan biri zamanı ərazi zərbə alsa və müəyyən itkilər baş versə belə, Ankara emosional reaksiya verməkdən çəkinə bilər.

Son 24 saat ərzində Azərbaycan və Türkiyə arasında, ən azı siyasi diskurs səviyyəsində, müəyyən mövqe dəyişiklikləri də müşahidə olundu. Belə ki, Naxçıvana edilən hücumdan sonra Azərbaycan ali səviyyədə daha sərt açıqlamalar verdi, Türkiyə isə daha çox balanslaşdırıcı mövqe nümayiş etdirdi. Türkiyəyə edilən son zərbədən sonra isə Ankarada ritorika müəyyən qədər sərtləşdi, Azərbaycan isə Türkiyəni sakitləşdirməyə çalışan mövqe ortaya qoydu.

Hər iki ölkə, düşünürəm ki, mövcud vəziyyətin mahiyyətini yaxşı anlayır. İranın zərbələri davam etsə belə, Türkiyə və Azərbaycan öz təhlükəsizliklərini təmin etmək üçün birgə fəaliyyət göstərə bilərlər. Başqa sözlə, İranın bu hücumları müəyyən mənada Türkiyə ilə Azərbaycanı daha da yaxınlaşdıran amilə çevrilib. Hətta demək olar ki, iki ölkə arasında belə bir konsensus formalaşıb: mümkün itkilərlə müşayiət olunan hücumlar baş versə belə, tərəflər vəziyyəti nəzarətdə saxlayaraq birbaşa müharibəyə cəlb olunmamağa çalışacaqlar.

– Fərhad bəy, martın 8-də İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb. Lakin etiraf edək ki, bu zəng bir qədər gecikmişdi. Pezeşkian niyə bu telefon danışığı üçün bu qədər gözlədi?

– Şəxsən telefon danışığının tez və ya gec baş tutması məni o qədər də düşündürmür. Mənim üçün əsas sual budur: Pezeşkianın bu zəngi Müctəba Xamenei ilə razılaşdırılıb, yoxsa yox? Yaxud bu telefon danışığı Müctəba Xameneinin ali rəhbər seçilməsi ilə paralel şəkildə həyata keçirilib?

Aydındır ki, Məsud Pezeşkian hazırda İranda əsas qərar qəbul edən şəxs deyil. Halbuki yeni ali rəhbər seçilənə qədər o, ölkəni idarə edən üç əsas fiqurdan biri hesab olunurdu. Hətta yeni ali rəhbərin seçilməsi prosesini təşkil edən şəxslərdən biri də məhz Pezeşkian idi. Buna baxmayaraq, onun İrandakı real siyasi çəkisi o qədər də böyük deyil.

Hesab edirəm ki, Azərbaycan bu məsələdə kifayət qədər operativ addım atdı. Azərbaycan tərəfi açıq şəkildə bəyan etdi ki, ölkə ərazisi İrana qarşı istifadə olunmayacaq. Bu mesajı gücləndirmək üçün həm humanitar yardım göstərildi, həm də tranzit yüklərlə bağlı müəyyən məhdudiyyətlər aradan qaldırıldı.

Digər tərəfdən, bu addımların məqsədlərindən biri də Azərbaycanla danışıqlar aparan şəxsin mövqeyini gücləndirmək idi. Yəni İranda hər kəs görməli idi ki, Pezeşkiana həvalə edilən missiya müəyyən nəticələr verib. Rəsmi Bakı da bu zəngi qəbul etməklə bir tərəfdən Pezeşkianın İrandakı mövqeyinin möhkəmlənməsinə töhfə verdi, digər tərəfdən isə Tehran üçün onun Bakı ilə münasibətlərdə mühüm fiqur olduğu mesajını çatdırdı.

– Məsud Pezeşkian İlham Əliyevlə telefon danışığında Naxçıvanı vuran dronların İran tərəfindən atılmadığını bildirib. O, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da Türkiyə ərazisində vurulan iki ballistik raketin İrandan göndərilmədiyini deyib. Pezeşkian bunun sübutu üçün xüsusi komissiya yaradılmasını və araşdırma aparılmasını təklif edib. Bu əminlik Pezeşkianda haradandır? İranın belə iddialı mövqeyi nəyə hesablanıb?

– Hesab edirəm ki, bu, İranın rəsmi mövqeyidir və Pezeşkian da həmin mövqedən kənara çıxa bilməz.

Əslində həm Pezeşkian, həm də İran tərəfi yaxşı anlayır ki, nə Bakı, nə də Ankara müharibə şəraitində belə bir komissiyanın yaradılmasına real olaraq getməyəcək. Çünki müharibə gedən bir vaxtda bu cür araşdırma mexanizmlərinin qurulması praktiki baxımdan olduqca çətin və uzunmüddətli prosesdir.

Düşünürəm ki, Pezeşkianın bu qədər əmin danışması da məhz bundan qaynaqlanır. Yəni belə bir təklif səsləndirilir, lakin qarşı tərəfin mövcud şəraitdə bunu qəbul etməyəcəyini də yaxşı bilirlər. Bu isə İranın öz mövqeyini siyasi və diplomatik müstəvidə qorumağa hesablanmış addım kimi qiymətləndirilə bilər.

– Prezident İlham Əliyev və Məsud Pezeşkian arasında baş tutmuş telefon danışığına əsasən, İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb. İran-Azərbaycan münasibətlərindəki gərginliyin səngidiyini deyə bilərik?

– Hesab edirəm ki, Azərbaycanın əsas məqsədi Naxçıvana edilən hücumların təkrarlanmamasına nail olmaqdır. Çünki belə bir riskin tam aradan qalxdığını demək çətindir və bu ehtimal hər zaman mövcud ola bilər.

Humanitar yardıma gəldikdə isə, bu addım konstruktiv və humanist yanaşmanın göstəricisidir. Lakin burada əsas məqsədlərdən biri də İranda yaşayan soydaşlarımıza dəstək göstərməkdir. Aydındır ki, yardım rəsmi olaraq İrana göndərilir, lakin bu, bütün ölkə üzrə deyil, daha çox soydaşlarımızın yaşadığı bölgələrə yönəlmiş humanitar dəstək kimi qiymətləndirilə bilər.

Böyük ehtimalla bu yardımlar Azərbaycan sərhədinə yaxın ərazilərdə, əsasən də azərbaycanlıların yaşadığı şəhər və bölgələrə çatdırılacaq. Bu baxımdan humanitar yardım həm də humanitar və milli həmrəylik xarakteri daşıyan bir addım kimi dəyərləndirilə bilər.

– İranın Naxçıvana hücumu ilə bağlı hadisələrdən sonra bir sıra ölkələrdən Azərbaycana dəstək mesajları gəldi. Hətta Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı da baş tutdu. Nazirlər regionda baş verən hadisələr ətrafında fikir mübadiləsi apararaq gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini vurğuladılar. İrəvanın bu məsələdə tutduğu mövqe nə dərəcədə səmimidir?

– Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətlər hazırda sülh gündəliyinə uyğun şəkildə davam edir. Bu gündəlikdə sülh sazişi imzalanmazdan əvvəl bir sıra mərhələlərin həyata keçirilməsi nəzərdə tutulur. Bunlara yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi, iqtisadi münasibətlərin formalaşdırılması və vətəndaş cəmiyyəti səviyyəsində dialoqun təmin edilməsi daxildir.

İranın Azərbaycana hücumundan sonra Ermənistanın xarici işlər nazirinin Azərbaycan xarici işlər nazirinə telefon zəngi etməsi də məhz bu sülh gündəliyinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Sülh prosesinin müəyyən mərhələləri var və hazırkı mərhələ Vaşinqtonda imzalanmış bəyanat çərçivəsində davam edir. Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra isə yeni siyasi reallıqlar yarana bilər. Referendum keçirildikdən sonra prosesin növbəti mərhələsinə keçilməsi ehtimal olunur. Həmin mərhələdə sülh sənədinin imzalanması və diplomatik münasibətlərin qurulması nəzərdə tutulur. Bu yanaşma həm Bakıda, həm də İrəvanda qəbul edilib.

İranın hücumları ilə bağlı məsələyə gəlincə, demək olar ki, Azərbaycan və Ermənistanın mövqeləri müəyyən mənada oxşar oldu. İranla bağlı bəyanatlar demək olar ki, eyni vaxtda verildi. Hətta ali dini rəhbər Əli Xameneinin vəfatı ilə bağlı iki ölkə lideri eyni vaxtda başsağlığı mesajı yayımladı. Bununla belə, bəzi fərqlər də oldu: məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan İranda yerləşən səfirliyə getmədiyi halda, Azərbaycan Prezidenti İlham Əliyev səfirliyi ziyarət edərək başsağlığı verdi. Bu isə daha çox dini və ortaq tarixi-mədəni əlaqələrlə bağlı amillərlə izah oluna bilər.

Digər tərəfdən, yeni ali rəhbərin təbrik edilməsi məsələsində də hər iki ölkə oxşar mövqe nümayiş etdirdi. Bütün bunları nəzərə alaraq demək olar ki, mövcud situasiyada Azərbaycan və Ermənistanın bu məsələyə baxışları müəyyən dərəcədə paralellik təşkil edir və bu, təbii siyasi proses kimi qiymətləndirilə bilər.

– Siz bu yaxınlarda Ermənistana səfər etmisiniz və oradakı siyasi prosesləri daha yaxından müşahidə etmək imkanınız olub. Ermənistan cəmiyyətinin və siyasi dairələrinin baxışlarını da nəzərə alaraq soruşmaq istərdim: sizcə, Ermənistan həqiqətən sülhə hazırdırmı?

– Bizim təşəbbüs çərçivəsində əvvəllər tədbirlərdə hər tərəfdən təxminən 5 nəfər iştirak edirdisə, hazırda həm Azərbaycan, həm də Ermənistan tərəfdən 20-yə yaxın nümayəndə bu prosesə cəlb olunub. Bu 20 nəfərlik qrup və ya daha geniş iştirakçı çevrəsi əsasən sülh gündəliyini dəstəkləyən şəxslərdən ibarətdir.

Eyni zamanda qeyd etmək lazımdır ki, Ermənistanda sülh gündəliyini dəstəkləməyən qruplar da mövcuddur. Lakin Azərbaycan üçün hazırda ən vacib məsələlərdən biri Ermənistanda qarşıdan gələn parlament seçkiləridir. Bu seçkilərdə hansı siyasi partiyaların iştirak edəcəyi artıq məlumdur və onların proqramlarında Azərbaycanla münasibətlərin gələcək istiqamətləri də müəyyən şəkildə öz əksini tapıb.

Hazırda Ermənistanda maraqlı siyasi proses müşahidə olunur. Məsələn, ATƏT-in Minsk qrupunun faktiki olaraq gündəmdən çıxması revanşist qüvvələrin diskursunda ciddi transformasiyaya səbəb olub. Minsk qrupu mövcud olduğu dövrdə Ermənistanda revanşizm iki formada izah edilirdi: birincisi hərbi revanşizm, ikincisi isə hüquqi revanşizm.

Hərbi revanşizm barədə danışanların sayı çox az idi. Hüquqi revanşizmin əsas ümid yeri isə məhz Minsk qrupu hesab olunurdu. Bu qurum gələcəkdə müəyyən beynəlxalq mexanizm və ya institut kimi istifadə edilə bilərdi və beləliklə, Qarabağ məsələsinin yenidən beynəlxalq gündəmə qaytarılması ehtimalı saxlanılırdı. Siyasi proseslər elə bir mərhələyə çata bilərdi ki, ABŞ, Rusiya və Fransa yenidən ortaq mövqeyə gəlib bu məsələni gündəmə gətirə bilərdilər. Lakin Minsk qrupunun faktiki olaraq aradan qalxması hüquqi revanşizm üçün də ciddi maneə yaratdı.

Hazırda aktual məsələlərdən biri də Vaşinqton bəyanatına münasibətdir. Bizim üçün əsas diqqət yetirilən məqam həm görüşdüyümüz erməni ekspertlərinin mövqeyi, həm də qarşıdan gələn seçkilərin nəticələridir. Hesab edirəm ki, seçkilərə qədər Azərbaycan həm iqtisadi münasibətlər, həm də vətəndaş cəmiyyəti səviyyəsində dialoq vasitəsilə sülhün mümkün modelini nümayiş etdirməyə çalışır. Biz də bu yanaşmanı erməni cəmiyyətinə mümkün qədər çatdırmağa çalışdıq.

Düşünürəm ki, həm Ukrayna müharibəsi, həm də İranda baş verən proseslər Ermənistan cəmiyyətinə açıq mesaj verir: region üçün ən real və faydalı yol sülhdür.

Söhbətləşdi: Turan Rzayev

Fotolar: İntiqam Əhmədov

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
41
globalinfo.az

1Sources