EN

Avstraliyada ağ atlı adam

İranın qadın futbol komandası Avstraliyada turnirə getmişdi, oyun qabağı himni oxumadıqları üçün diqqət mərkəzinə düşmüşdülər. Buna da şükür, çünki bütün oyunları deyəsən uduzdular. Ancaq himn mövzusu komandanın ən azı 5 üzvünə İrandan xilas imkanı yaradıb. Avstraliya onlara sığınacaq verib. Qalan oyunçulara da müraciət ediblər. Deyirlər himni oxumadığınız üçün İrana qayıdanda sizi öldürəcəklər.

Həqiqətən, İranda onları ölüm cəzası gözləyə bilərmi? Çox mümkündür. İranda qanun-zad yoxdur ki? Orda qanunları mollaların fətvası əvəz edir. Beş-on saqqallı kişi xeylağıdır, səhər yuxudan tərs oyansalar ən azı beş-on nəfərin qanı gedir. “Bunu krandan asın, ona şallaq, o birinə paz” və sairə. Hətta öz əraziləri üçün deyil, bütün dünya üçün ölüm cəzaları verirlər. Sanki İranı yarıdıblar, qalıb planetin başqa yerləri.

Ancaq iranlı zənən futbolçuların himn vaqeəsi mənə başqa istiqamətdən təsir elədi. Fikirləşdim ki, yaxşı olar biz yaxın illərdə Avstraliya tərəfə heç kimi buraxmayaq. Gedər-gəlməz yer tipində bir şeydir bizim üçün. Kenquru təpik vurar, ölərik. Yox, bunu zarafat üçün yazdım, səbəb ciddidir: axı bizim ölkədə Azərbaycan himnini oxumayan hər cür insan vardır!

İdmançılardan tutmuş məmurlara, dövlət qulluqçularına, deputatlara qədər hər cür adam himnimizi tədbirlərdə oxumur. Niyə oxumurlar, bunun maraqlı izahatı var. Məsələn, bir dəfə Sabir Rüstəmxanlı demişdi ki, sevmədikləri üçün oxumurlar. Deputat Səyyad Aran isə yanında duran yoldaşları oxumayanda utandığı üçün asta səslə oxuduğunu söyləmişdi.

Belə çıxır ölkəmizdə ən patriot insanlar manıslardır, həmişə tədbirlərdə himni oxuyurlar. Biz manıslarımızı çox yükləyirik, açığı. Onlar veriliş aparmaqdan karton zavodu açmağa qədər hər işlə məşğul olmağa məcburdurlar.

İndi, iraq olsun, məsəl üçün, birdən Avstraliya-Azərbaycan deputatlararası parlamento qrupunun iclasını Tasmaniya adasının göbəyində keçirilmək qərarı verildi, burdan bir gəmi deputatı yolladıq üzü cənuba. Onlar da orda himni oxumadılar. Bəs necə olacaq? Avstraliya deputatlarımızı əlimizdən alıb sığınacaq verəcəkdir.

Ondan sonra gəl, qal deputatsız. Onsuz neçə dairədə deputat yox idi, hər xarici ölkə də müəyyən miqdarda deputatımıza sığınacaq versə, qanunları kim düzəldəcək? Mən? Açığı, mənim özüm də çox himn oxuyan tip deyiləm, burada problem dərinləşir. Çıxdım getdim Melburuna, yazını kim yazacaq sizdən ötrü?

İranlı futbolçular eynilə ünlü ştanqist Naim Süleymanoğlu kimi Avstraliyada qurtulmaqda olsun, sizə bir tragikomik əhvalatı nəql edim. Bəlkə görmüsünüz, son günlər bəzi avam zəhmətkeşlərimiz İranda ağ atlı seyidin səmada peyda olduğunun “videosunu” paylaşır. Guya xilaskar gəlib, molla rejimi qurtulacaq. Şərq-müsəlman aləminin bu “ağ atlı oğlan”, “ağ əbalı ağsaqqal” mifologiyasının indi, süni intellekt və dronlar epoxasında da davam eləməsi əslində tragikomikdir, ancaq nə işimizə? Camaat var makarona and içir, camaat da var “makaron canavarına”. Biz heç kəsin inancına qarışmırıq, ancaq heç kəs də öz inancını zorla başqasına soxuşdurmasın. Ağ atlı seyid temasının diqqətimi çəkməyi isə bir köhnə əhvalata görədir.

Hələ 90-cı illərdə bir İran türkü ordakı rejimdən qaçıb Bakıya gəlmişdi. Onu İran-İraq savaşı vaxtı zindana salıbmışlar. Səbəbi gülməli idi. Adam savaşda əsgər imiş, bir gecə qarovula çıxanda görür yaxındakı təpənin üstündə ağ atlı, başdan ayağa ağ geyimli kimsə dolaşır. Xof basır, güllə ilə vurur atlını öldürür. Sonra məlum olur ki, həmin “seyidi” İran mollaları orduda təbliğat üçün gecələr cəbhə xəttinə buraxırmışlar.

Bu qədər. Avstraliyada görüşənədək... Hamımıza qismət olsun, inşallah. Hərçənd, deyirlər adamın Avstraliyanı istəməyi ilə bu iş düzəlmir, gərək Avstraliya da səni istəsin.

 

Chosen
37
musavat.com

1Sources