EN

İranda hakimiyyət varisliyi: Müctəba Xamenei yeni ali lider seçilib

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranda ali dini lider vəzifəsinə mərhum rəhbər Ali Xameneinin oğlu Müctəba Xamenei seçilib.

Bizimyol.info xəbər verir ki, bu qərarı ölkənin ali rəhbərini müəyyən edən ruhani qurum bazar günü elan edib və vətəndaşları yeni lider ətrafında birləşməyə çağırıb.

Dövlət mediasının yaydığı bəyanatda bildirilib ki, Müctəba Xamenei “qətiyyətli səsvermə” nəticəsində ali lider seçilib. Qurum xüsusilə elm və dini dairələrin nümayəndələrini yeni rəhbərliyə sadiqlik göstərməyə və ölkədə birliyi qorumağa çağırıb.

Bu qərar regionda gərginliyi daha da artıra bilər. ABŞ prezidenti Donald Trump daha əvvəl Müctəba Xameneinin varis olmasını “qəbuledilməz seçim” adlandırmış və Tehran onun razılığını almadan seçilən liderin “uzun müddət hakimiyyətdə qalmayacağını” demişdi. O, həmçinin müharibənin nə vaxt bitəcəyinə dair qərarın İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə veriləcəyini bildirib.

Müctəba Xameneinin seçilməsi İranın müttəfiqi olan Yəməndəki Husi hərəkatı tərəfindən də alqışlanıb. Qrup bunu “İslam inqilabı üçün yeni qələbə” kimi qiymətləndirib.

Bu arada İsrail ordusu İranın mərkəzi bölgələrində “rejim infrastrukturu”na zərbələr endirdiyini açıqlayıb. Hücumlar yeni ali liderin seçilməsindən sonra edilən ilk hərbi əməliyyat kimi qiymətləndirilir.

Qeyd edək ki, Əli Xamenei fevralın 28-də Tehrana endirilən ABŞ–İsrail zərbəsi nəticəsində ölüb. Onun ölümündən sonra ölkədə hakimiyyətin ilk dəfə ata-oğul arasında ötürülməsi faktı baş verib ki, bu da İranda mümkün “siyasi varislik sistemi” ilə bağlı müzakirələrə səbəb ola bilər.

56 yaşlı ruhani Müctəba Xamenei uzun illər atasının yaxın çevrəsində təsirli fiqur kimi tanınıb, lakin heç vaxt seçkili vəzifə tutmayıb. İranın təhlükəsizlik qurumları və İslam İnqilabı Keşikçiləri Korpusu yeni liderə sadiqliklərini bəyan ediblər.

Eyni zamanda, İsrail ordusu sosial şəbəkədə yaydığı açıqlamada bildirib ki, Əli Xameneinin varislərini və onların təyin edilməsində iştirak edən şəxsləri hədəfə almağa davam edəcək.

İran-İsrail qarşıdurması fonunda bölgədə gərginlik artmaqda davam edir və münaqişənin qlobal enerji bazarına ciddi təsir göstərə biləcəyi barədə xəbərdarlıqlar səslənir.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
45
bizimyol.info

1Sources