EN

Ali təhsildə status problemi - Universitet anlayışı niyə dəyərini itirir?

"Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununda ali təhsil müəssisələrinin növləri aydın şəkildə müəyyən olunub: universitet, akademiya və institut. Qanuna görə, bu anlayışların hər birinin fərqli funksiyası və missiyası var. Qanunda göstərilir ki, universitet ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər hazırlayan, fundamental və tətbiqi elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali təhsil müəssisəsidir.

Akademiya müəyyən sahə üzrə ixtisaslaşmış ali məktəb kimi fəaliyyət göstərir. İnstitut isə konkret ixtisas istiqamətləri üzrə mütəxəssis hazırlayan və əsasən tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsi kimi nəzərdə tutulur".

Bu sözləri AzEdu.az-a Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib ki, lakin praktikada bu hüquqi bölgünün demək olar ki, tamamilə formal xarakter daşıdığı görünür:

179031

"Azərbaycanda ali təhlil müəssisələrinin böyük əksəriyyəti universitet statusu almışdır. Nəticədə qanunda nəzərdə tutulan struktur fərqləri faktiki olaraq aradan qalxmış, institut və akademiya anlayışları isə formal terminə çevrilmişdir. Əslində isə “universitet” statusu yalnız ad məsələsi deyil, məzmun və məsuliyyət məsələsidir. Universitet geniş elmi istiqamətlərə malik olmalı, fundamental tədqiqatlar aparmalı, müxtəlif fakültə və elmi məktəbləri özündə birləşdirməlidir. Əgər bir ali məktəb yalnız bir və ya bir neçə dar ixtisas üzrə fəaliyyət göstərirsə, onu avtomatik olaraq universitet adlandırmaq qanunun ruhuna və akademik məntiqə uyğun deyil.

Bu tendensiyanın bir neçə mənfi nəticəsi ortaya çıxır. Birincisi, ali təhsil sistemində institusional fərqlər itir. İkincisi, “universitet” anlayışının akademik çəkisi zəifləyir və adın özü devalvasiya olunur. Üçüncüsü isə ali məktəblərin inkişaf strategiyası ad üzərində qurulur, məzmun üzərində deyil.

Dünya təcrübəsində universitet statusu ciddi meyarlarla müəyyən olunur. Bir çox ölkələrdə universitet olmaq üçün geniş elmi istiqamətlər, doktorantura proqramları, ciddi tədqiqat infrastrukturu və beynəlxalq elmi fəaliyyət tələb olunur. Azərbaycanda isə bəzən institut səviyyəsində fəaliyyət göstərən qurumların belə universitet adlandırılması ali təhsil sisteminin struktur məntiqini zəiflədir.

Əgər qanunda universitet, akademiya və institut anlayışları ayrıca müəyyən olunubsa, bu bölgü reallıqda da işləməlidir. Əks halda qanunda yazılan anlayışlarla real ali təhsil sistemi arasında ciddi ziddiyyət yaranır.

Sadə bir sual ortaya çıxır: Əgər bütün ali məktəblər universitetdirsə, bəs onda universitet anlayışının fərqi və dəyəri nədir? Bu suala cavab verilmədən ali təhsil sistemində keyfiyyət və struktur haqqında ciddi islahatlardan danışmaq çətin olacaq".

Chosen
43
azedu.az

1Sources