İrandan buraxılan və Türkiyə istiqamətində hərəkət edən ballistik raketin NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsi regionda gərginliyin yeni mərhələyə keçə biləcəyi ilə bağlı müzakirələri artırıb.
NOCOMMENT.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, İrandan buraxılan ballistik raket İraq və Suriya hava məkanını keçərək Türkiyə istiqamətində hərəkət edərkən vaxtında aşkarlanıb və NATO-nun Şərqi Aralıq dənizində yerləşdirilən hava və raketdən müdafiə sistemləri tərəfindən havada məhv edilib. Məlumata əsasən, Hatay vilayətinin Dörtyol rayonuna düşən raket parçasının təhlükəni dəf edən hava müdafiə sisteminə aid olduğu müəyyən edilib. Hadisə nəticəsində ölən və ya yaralanan olmadığı bildirilsə də, bu insident Türkiyənin regional münaqişələrin birbaşa təsir zonasına daxil olduğunu göstərən ciddi siqnal kimi qiymətləndirilir.
Məsələ ilə bağlı NOCOMMENT.az -a danışan siyasi şərhçi Heydər Oğuz hesab edir ki, baş verən hadisə təkcə hərbi insident deyil, həm də regiondakı qüvvələr balansının necə sürətlə dəyişdiyini göstərən mühüm göstəricidir. Onun sözlərinə görə, Türkiyə coğrafi mövqeyinə görə Yaxın Şərqdə baş verən istənilən qarşıdurmanın təsirindən kənarda qala bilməz və hazırkı vəziyyət bunu bir daha təsdiqləyir.

Heydər Oğuz qeyd edib ki, İranın buraxdığı raketin Türkiyə hava məkanına yaxınlaşması Ankara üçün ciddi təhlükəsizlik siqnalıdır: “Bu hadisə göstərir ki, regiondakı müharibə artıq yalnız İran, İsrail və ABŞ arasında məhdudlaşmır. Münaqişənin coğrafiyası genişlənir və Yaxın Şərqin digər ölkələri də risk zonasına daxil olur. Türkiyə NATO üzvü olduğu üçün belə bir raketin onun istiqamətində hərəkət etməsi təkcə Ankara üçün deyil, bütün alyans üçün ciddi məsələdir”.
Ekspertin fikrincə, Türkiyə bu mərhələdə münaqişəyə birbaşa qoşulmaq istəmir və Ankara əsasən balanslı siyasət yürütməyə çalışır. O bildirib ki, Türkiyə regionda həm diplomatik kanalları açıq saxlamağa, həm də öz təhlükəsizliyini maksimum səviyyədə qorumağa çalışır. Lakin belə insidentlərin təkrarlanması Türkiyəni daha sərt mövqe tutmağa məcbur edə bilər.
Heydər Oğuz vurğulayıb ki, Türkiyənin müharibəyə cəlb olunması ehtimalı bir neçə amildən asılıdır. Onun sözlərinə görə, əgər İran və İsrail arasında qarşıdurma daha geniş miqyas alarsa və raket hücumları region ölkələrinin ərazisinə yönəlməyə davam edərsə, Ankara təhlükəsizlik səbəbilə daha aktiv hərbi addımlar ata bilər. Eyni zamanda, Türkiyənin NATO üzvü olması da bu məsələdə mühüm faktor kimi çıxış edir.
Siyasi şərhçi hesab edir ki, hazırkı mərhələdə Ankara üçün əsas prioritet ölkə ərazisinin təhlükəsizliyini təmin etmək və münaqişənin Türkiyə sərhədlərinə yaxınlaşmasının qarşısını almaqdır. Onun fikrincə, Türkiyə diplomatik vasitələrlə gərginliyin azaldılmasına çalışacaq, lakin ölkənin təhlükəsizliyinə birbaşa təhdid yaranacağı təqdirdə daha sərt tədbirlərin görülməsi istisna edilmir.
Ekspert əlavə edib ki, regionda yaranan yeni geosiyasi vəziyyət Türkiyəni həm də strateji seçim qarşısında qoya bilər: “Türkiyə bir tərəfdən NATO üzvüdür və Qərb təhlükəsizlik sisteminin vacib hissəsidir, digər tərəfdən isə region ölkələri ilə münasibətlərini balanslaşdırmağa çalışır. Bu balans pozularsa, Ankara üçün seçim etmək daha çətin olacaq”.
Heydər Oğuzun sözlərinə görə, hazırkı vəziyyət göstərir ki, Yaxın Şərqdə müharibənin coğrafiyası genişlənə bilər və region ölkələri artıq bu qarşıdurmanın birbaşa təsirini hiss etməyə başlayıblar. Onun fikrincə, belə hadisələr həm də böyük dövlətlərin regionda daha aktiv rol oynayacağını göstərir və bu, yaxın aylarda Yaxın Şərqdə yeni siyasi və hərbi reallıqların formalaşmasına səbəb ola bilər.