EN

Laricani ABŞ-ı ittiham etdi: “Vaşinqton İranı xaosa sürükləmək istəyirdi”

ABŞ-ın İrana qarşı strategiyası və regiondakı planları ilə bağlı diqqətçəkən açıqlamalar səsləndirilib.

Musavat.com xəbər verir ki, İranın tanınmış siyasətçisi və keçmiş parlament sədri Əli Laricani amerikalıların regionu düzgün anlamadıqlarını bildirib.

Laricaninin sözlərinə görə, Vaşinqton Qərbi Asiyanın və xüsusən də İranın siyasi-ictimai quruluşunu düzgün qiymətləndirə bilmir.

“Amerikalıların ən vacib problemi bu bölgənin, Qərbi Asiyanın və xüsusən də İranın intellektual quruluşunu anlamamalarıdır. Onlar düşünürlər ki, məsələn, Venesuelada etdiklərini burada da təkrarlaya bilərlər, halbuki burada tam fərqli düşüncə tərzi hökm sürür”, – deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ İranı sarsıtmaq üçün bir neçə mərhələdən ibarət plan hazırlayıb.

Laricani iddia edib ki, ilk mərhələdə İran rəhbərliyinə və hərbi komandirlərə qarşı zərbələr endirməklə ölkədə siyasi-inzibati sistemi sarsıtmaq planlaşdırılırdı. Növbəti mərhələdə isə əhalinin təchizatının pozulması və daxili sabitliyin dağıdılması nəzərdə tutulurdu.

“Amerikalılar müharibəni qısa müddətdə, lakin intensiv şəkildə bitirmək istəyirdilər. Onlar düşünürdülər ki, ölkə tez bir zamanda xaosa sürüklənəcək. Lakin iranlıların buna imkan verməyəcəyini hesablamamışdılar”, – deyə Laricani vurğulayıb.

İranlı siyasətçi həmçinin ABŞ-ın etnik qrupları hökumətə qarşı qızışdırmaq cəhdlərindən də danışıb. Onun sözlərinə görə, Vaşinqton kürdlərlə danışıqlar apararaq onları Tehrana qarşı istifadə etmək istəyib.

“Kürdlər əsl İran xalqıdır, onlar irandillidir. Onlar Suriyada kürdlərin necə tərk edildiyini yaxşı bilirlər”, – deyə Laricani qeyd edib.

O, ABŞ-ın İranın gələcək rəhbərliyinə müdaxilə etmək niyyəti barədə də sərt danışıb və bunu qəbuledilməz adlandırıb.

“Tramp İranın gələcək liderinin seçilməsinə müdaxilə etməli olduğunu deyir. Bu, onun nə qədər geridə qalmış düşüncəyə malik olduğunu göstərir. Kürdlər həm İran silahlı qüvvələrinin gücünü, həm də Amerikanın sədaqətsizliyini yaxşı bilirlər”, – deyə o bildirib.

Laricani ölkədə təchizat və iqtisadi vəziyyətlə bağlı da açıqlama verib. Onun sözlərinə görə, hökumət və nazirlər əhalinin benzin və ərzaqla təmin olunması üçün bütün tədbirləri görür.

“Səyahətlərin artmasına baxmayaraq, bütün ehtiyaclar qarşılanıb və hazırda kifayət qədər ehtiyat mövcuddur. Hərbi komandirlər də meydandadır və müasir texnologiyalardan istifadə edərək lazımi avadanlıqları istehsal edirlər”, – deyə o bildirib.

 

Musavat.com

Chosen
45
14
musavat.com

10Sources