EN

Neftçalada Beynəlxalq Qadınlar Günü qeyd olundu - FOTOLAR

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü və müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi və bayram tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı və Günay Ağamalı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbənin müdiri Sənan Xəlilov, Qafqaz Müsəlmanları İdarəsinin Neftçala rayonu üzrə qazısı Hacı Hüsnü Həsənov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, şəhid ailə üzvləri, rayonun ictimai-siyasi, sosial-mədəni  həyatında fəal iştirak edən xanımlar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk öncə müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri tərəfindən Ramazan duası oxunub, şəhidlərin ruhuna dualar edilib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü və müqəddəs Ramazan ayı münasibətilə təbrik edərək qeyd edib ki, Azərbaycan  qadınları tarix boyu ailə dəyərlərinin qorunmasında, milli-mənəvi irsin yaşadılmasında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynayıblar. Bu gün də qadınlar ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edir, dövlət idarəçiliyində layiqincə təmsil olunurlar.

Çıxışda vurğulanıb ki, ölkədə qadınlara göstərilən diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biridir. Bu siyasətin uğurla həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Mehriban xanım Əliyevanın humanitar təşəbbüsləri, mədəniyyətin qorunması, təhsilin inkişafı, sosial layihələrin reallaşdırılması və xüsusilə şəhid ailələrinə, həssas qruplara göstərilən diqqət Azərbaycan qadınının cəmiyyətdəki nüfuzunu daha da artırıb. Onun fəaliyyəti ölkədə mərhəmət, humanizm və sosial həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir və qadınlar üçün nümunəvi liderlik modeli formalaşdırır.

Bildirilib ki, Neftçala rayonunda da dövlət qadın siyasətinə uyğun olaraq qadınların ictimai fəallığının artırılması, onların məşğulluğu, sosial müdafiəsi və təşəbbüslərinin dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Çıxışının sonunda rayon rəhbəri şəhid analarına və xanımlarına xüsusi ehtiramını bildirərək onların fədakarlığının xalqımız üçün mənəvi güc mənbəyi olduğunu vurğulayıb.

Tədbirdə çıxış edənlər- Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı, Günay Ağamalı, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Vətən Müharibəsi şəhidi Şahlar Məmmədovun anası Əzizə Məmmədova, antiterror əməliyyatında şəhidlik zirvəsinə ucalmış kapitan Xəzər Cəfərovun həyat yoldaşı Bülülxanım Cəfərova, Neftçala Dövlət Rəsm Qalereyasının direktoru Nigar Abdullayeva qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək müqəddəs Ramazan ayının dəyərlərini vurğulayıblar. Bildirilib ki, Azərbaycan cəmiyyətində qadına verilən yüksək ehtiramın ideoloji əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlətçilik kursuna əsaslanır və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakına, milli-mənəvi dəyərlərin qorunmasına və sosial həmrəyliyin möhkəmlənməsinə şərait yaradır. 

Proqram çərçivəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadınına verdiyi yüksək dəyəri və qadın siyasətinin inkişafındakı rolunu, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli ictimai fəaliyyəti və həyata keçirdiyi humanitar layihələri əks etdirən videoçarx nümayiş olunub və tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəliyi tərəfindən hazırlanan musiqili-bədii proqramla davam etdirilib.

Sonda rayonun ictimai-siyasi, sosial-mədəni həyatında fəallığı ilə seçilən bir qrup qadınlara Neftçala Rayon İcra Hakimiyyəti başçısının və Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının fəxri fərmanları, xatirə hədiyyələri və partiya üzvlük vəsiqələri təqdim olunub, xatirə şəkilləri çəkilib.

Chosen
28
2
unikal.az

10Sources