5 Mart 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının,hüquq-mühafizə orqanlarının, Neftçala rayon gənclər və idman və eləcə də təhsil sektorlarının rəhbərləri, idmançılar və məşqçi-müəllimlər iştirak edib.
İlk öncə tədbir iştirakçıları tərəfindən Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb və əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Neftçala Olimpiya İdman Kompleksində müxtəlif idman növləri üzrə yeniyetmə və gənclərin nümunəvi çıxışları nümayiş olunub, onların sağlam həyat tərzinə təşviqi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər təqdim edilib.
5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, dünyasını dəyişən idmançıların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin rəhbərliyi ilə ölkəmizdə idmanın inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilir, müasir idman infrastrukturu yaradılır, beynəlxalq yarışlara ev sahibliyi edilir, Azərbaycan idmançıları dünya miqyasında böyük nailiyyətlər qazanırlar. Dövlət başçısının idmana göstərdiyi diqqət nəticəsində idman artıq təkcə fiziki fəaliyyət deyil, həm də milli nüfuz və dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib.
Çıxışda vurğulanıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən sosial və humanitar layihələr, gənclərin inkişafına yönəlmiş proqramlar, idman tədbirlərinə verilən dəstək bu sahənin daha da genişlənməsinə mühüm töhfə verir, sağlam və fəal gənc nəslin yetişdirilməsinə xidmət edir.
Rayon rəhbəri qeyd edib ki, regionlarda yaradılan müasir idman infrastrukturu dövlət siyasətinin uğurlu nəticəsidir. Bu baxımdan Neftçala Olimpiya İdman Kompleksinin tikintisi rayonun idman həyatında yeni mərhələnin başlanğıcı olub. Bildirilib ki, kompleks rayon gənclərinin idmana cəlb olunmasında, onların sağlam həyat tərzinin formalaşdırılmasında, peşəkar idmançıların yetişdirilməsində mühüm rol oynayır və idmançılar tərəfindən səmərəli istifadə olunur. Gənclərin idmana cəlb olunması onların fiziki hazırlığını möhkəmləndirməklə yanaşı, vətənpərvərlik ruhunun, intizamın, məsuliyyət hissinin formalaşmasına da xidmət edir. Bu baxımdan rayonda idmanın kütləviliyinin artırılması, məktəblərdə və idman müəssisələrində məşğələlərin genişləndirilməsi, istedadlı idmançıların aşkara çıxarılması və onların dəstəklənməsi daim diqqət mərkəzində saxlanılır.
Rayon rəhbəri çıxışının sonunda idmançıları əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb və bildirib ki, dövlətin idmana göstərdiyi qayğı gələcək nəsillərin sağlam böyüməsinə, Azərbaycanın beynəlxalq arenada idman ölkəsi kimi nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir və Neftçala rayonunda bu istiqamətdə işlər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov, sektorun baş məsləhətçisi Elxan Həsənov, Uşaq Gənclər və İdman məktəbinin güləş idman növü üzrə məşqçi müəllimi Ceyhun Fərəcov, Neftçala Uşaq Gənclər İdman Şahmat məktəbinin tədris hissə müdiri Cavid Əkbərov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, gənclərin fiziki tərbiyəsinin cəmiyyətin sağlam inkişafında mühüm rol oynadığını qeyd ediblər. Bildirilib ki, son illər Neftçala rayonunda idmanın kütləviliyi genişlənmiş, məktəblərdə idman dərslərinə maraq artmış, rayon idmançıları respublika və beynəlxalq yarışlarda uğurlu nəticələr əldə ediblər.
Sonda rayonun idman həyatında fəal iştirak edən, müxtəlif yarışlarda uğur qazanan idmançılar, məşqçilər fəxri fərmanlarla təltif olunub və onlarla xatirə şəkilləri çəkilib.