EN

Qadınlar ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Bələdiyyəsinin sədri Əli Kərimov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildiriblər ki, müasir dövrdə Azərbaycan qadını yalnız ailə institutunun dayağı kimi deyil, eyni zamanda dövlət idarəçiliyində, elmdə, təhsildə, səhiyyədə və digər strateji sahələrdə aktiv fəaliyyət göstərən mühüm sosial-siyasi aktor kimi çıxış edir. Bu baxımdan, qadınların potensialının reallaşdırılması, onların intellektual və peşəkar imkanlarının cəmiyyətin inkişafına yönəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.

Qeyd olunub ki, Azərbaycanda qadın siyasəti dövlət quruculuğunun mühüm istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş gender bərabərliyi prinsiplərinə əsaslanan dövlət siyasəti nəticəsində Azərbaycan qadınları ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində fəal iştirak etmək imkanı əldə etmişlər.

Bildirilib ki, bu siyasət nəticəsində ölkəmizdə qadınların hüquq və azadlıqlarının təmin olunması, onların dövlət idarəçiliyində və qərar qəbuletmə prosesində iştirakının genişləndirilməsi istiqamətində mühüm institusional mexanizmlər formalaşdırılmışdır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində qadınların cəmiyyət həyatında rolu daha da gücləndirilmiş, onların sosial müdafiəsinin möhkəmləndirilməsi, əmək bazarında fəallığının artırılması və ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsi istiqamətində kompleks dövlət proqramları uğurla icra olunur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti və həyata keçirdiyi humanitar və sosial layihələr ölkəmizdə qadın hərəkatının inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına və cəmiyyətin sosial həmrəyliyinin gücləndirilməsinə mühüm töhfələr verir.

Tədbirin sonunda rayonun ictimai həyatında fəallığı ilə seçilən bir qrup xanıma hədiyyələr təqdim olunub.

Chosen
42
50
unikal.az

10Sources