EN

İranın əks kəşfiyyatı yoxdur, boş boş şeylərlə məşğuldurlar AÇIQLAMA

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Ötən gün Naxçıvanın dronla vurulması məsələsindən danışarkən çox mötəbər bir türk mənbəsinə istinad etmək istəyirəm. Təqaüddə olan admiral Cihad Yaycı var. Həm də indi Türkiyə universitetlərindən birinin professorudur, dərs deyir. Onun çox gözəl bir izahı var. O deyir ki, İsrailin və Amerikanın xüsusi xidmət orqanlarının müəyyən bir texnologiyaları var. O texnologiyalar nədən ibarətdir? Ayır, vuruşdur, parçala və hökm sür. Bunun üçün onlar nə edirlər? Onlar müsəlman dövlətlərini bir-birinə düşmən edirlər, qonşu dövlətləri bir-birinə düşmən edirlər və zəiflədirlər. Onların hansısa bir vahid müqavimət cəbhəsi yaratmasına mane olurlar".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirdi.

"Azərbaycan prezidenti dəfələrlə demişdi ki, Azərbaycandan İrana heç bir təhlükə olmayacaq və yoxdur da. Türkiyə NATO-ya üzv olan yeganə dövlətdir ki, onun mediası da, qəzetləri də, mütəxəssisləri, ekspertləri, jurnalistləri hamısı İranı müdafiə edir. Bu zaman bir ədəd İrandan raket Türkiyəyə uçur, iki dənə dron uçur Azərbaycanı vurmağa. Cihad Yaycı deyir ki, mən əminəm ki, bunu İsrail xüsusi xidmət orqanları təşkil edib. İranda İsrail casusları fəaliyyət göstərir. Birinci müharibə dövründə bəlli oldu ki, bu casuslar hətta İranda dron zavodu qurublar və bu dronlarla içəridən İranı vururlar. İranda işi elə qurublar ki, bütün nüvə alimlərinin evinə qədər hamısını bilirdilər və hamısını ailələri ilə birlikdə məhv etdilər. SEPAH-ın bütün komandirlərini, ordunun bütün komandirlərini məhv elədilər. İsrailin casusları İranda kefləri istədiyi kimi hərəkət edirlər və hətta İsrailin Baş naziri Benyamin Netanyahu demişdi ki, biz Tehranı Qüdsdən yaxşı tanıyırıq.

Əgər İrana Azərbaycanla düşmənçilik lazım deyilsə və bu zaman heç bir hərbi əhəmiyyəti olmayan iki dron gəlib Azərbaycanda hansısa bir sahədə partlayırsa, məqsəd nədir? Azərbaycanla İranı düşmən etmək. Onsuz da İran ağır vəziyyətdədir, özündən qat-qat güclü olan iki nüvə dövləti ilə müharibə aparır. Canı üçün çalışır, əlləşir. Bu zaman iki dron gəlir və partlayır. Mən əminəm ki, bu, İsrail kəşfiyyat orqanlarının, "Mossad"ın işidir. Müharibənin ikinci günü Səudiyyə Ərəbistanında dünyanın ən böyük neft emalı zavodu partladı. İran dedi ki, bunu mən eləməmişəm. “Yox, sən bizə hücum elədin, zavodu işdən çıxartdın” və Səudiyyə Ərəbistanı İrana müharibə elan etdi. Bir təxribatla, zavodu partlatmaqla Səudiyyə Ərəbistanı ilə İranı düşmən etdilər. İran deyir ki, mən sizin ərazinizdəki Amerika obyektlərini vururam, Amerika bazalarını vururam, Mərkəzi Kəşfiyyat İdarəsinin ofislərini vururam, amma mənim sizinlə işim yoxdur. Müharibənin əvvəlindən İranın xarici işlər naziri Abbas Əraqçi də, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də bəzi ərəb ölkələrinə getmişdi və demişdilər ki, siz bu bazaları yığışdırın, əgər buna qüdrətiniz çatmırsa, bilin ki, biz o bazaları vuracağıq və bizdən inciməyin. Çünki o bazaları Amerika bazaları sizi müdafiə etmək üçün yox, bizi vurmaq üçün qoyub. İran bazaları vurdu və bu zaman da aranı qarışdırmaq üçün İsrail kəşfiyyatı Türkiyəyə və Azərbaycana qarşı bu təxribatçı hərəkəti etdi", - o dedi.

Politoloqun fikrincə, bu, İranın ümumi siyasi xəttinin ifadəsi deyil:

"Bunu İranın daxilində hətta yüksək vəzifələrdə, hətta ola bilsin SEPAH-da yüksək vəzifələrdə oturan "Mossad" casusları təşkil edib. Nə Azərbaycana İranla düşmənçilik lazım deyil, xüsusilə İranın bu ağır vaxtında, nə Türkiyəyə lazımdır ki, İranın bu ağır vaxtında onlarla düşmən olsun. Bunu İsrail eləyib. "Mossad" istəyir bizi düşmən eləsin. Bir dəfə cəhd etdi, münasibətlər gərginləşdi. Amma o istəyir ki, biz müharibə edək, o istəyir ki, qardaş qanı tökülsün. Ona görə ikinci cəhd etsə, bu bizim artıq ağlımızdan asılıdır ki, biz necə münasibət bildirəcəyik. Məndən olsa, vecimə almaram. Çünki bu təxribatdır. İran deyir ki, bunu mən etməmişəm, mən araşdırıram görüm bunu kim edib. Bu atəş əmrini verən ya SEPAH-da, ya orduda əyləşib, deməli İsrailə işləyir. Bunu gərək araşdırsınlar. Mən beş ildir deyirəm ki, İranın əks-kəşfiyyatı yoxdur. Boş-boş şeylərlə məşğuldurlar, qadınlar hicabı belə taxsınlar, elə taxsınlar. Dövlətin təhlükəsizliyi ilə məşğul olmaq lazımdır. Əgər biz ağıllı, məntiqli dövlət siyasəti yürüdürüksə, sabah yenə bir dron atılsa, vurulsa, biz gərək bilək ki, bu düşməndir. Bu, İranın dövlət qurumlarının zəifliyinin əlamətidir. Amma İran dövləti bizə qarşı deyil. Vaxtilə bizimkilər onlardan incik idi. Bəli, Ermənistana yumşaq yanaşırdılar və sair. Amma indiki halda İran müharibə apardığı dövrdə, İranın vəziyyəti ağır olanda, ona Azərbaycanla düşmənçilik əsla əl vermir".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
105
50
redaktor.az

10Sources