EN

İranın Azərbaycana qarşı terror təxribatı: Prezident İlham Əliyevin qəti mövqeyi və region üçün ciddi mesaj

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Son günlər regionda baş verən hadisələr göstərir ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi pozmağa çalışan qüvvələr hələ də mövcuddur. Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təxribatlar isə rəsmi Bakının qətiyyətli və prinsipial mövqeyi ilə qarşılanır. Cənab Prezident İlham Əliyev tərəfindən səsləndirilən son bəyanat da məhz belə bir təhlükəli hadisəyə İran tərəfindən Azərbaycanın ərazisinə qarşı həyata keçirilmiş hücuma verilən siyasi və hüquqi qiymət kimi tarixə düşür.

Cənab Prezident İlham Əliyev çıxışında açıq şəkildə bəyan etdi ki, İran dövləti pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ərazisini atəşə tutmuşdur”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Nicat İsmayılov bildirib ki, bu hücumun ən təhlükəli tərəfi onun mülki obyektləri hədəfə almasıdır: “Dövlət başçısının qeyd etdiyi kimi, hücum nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər mülki infrastrukturlar namərd şəkildə atəşə məruz qalıb. Beynəlxalq hüquqa görə mülki obyektlərin hədəfə alınması açıq şəkildə terror aktı və hərbi cinayət hesab olunur, bu səbəbdən Azərbaycan dövləti baş vermiş hadisəni qətiyyətlə pisləyərək bu cinayətin təşkilatçılarının və icraçılarının dərhal məsuliyyətə cəlb olunmasını tələb edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, İran tərəfi rəsmi izahat verməli, üzr istəməli və bu təxribatı törədən şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir”.

Nicat İsmayılov

“Dövlət başçısı çıxışında qeyd etdi ki, İran tərəfindən Azərbaycana qarşı yönəlmiş bu cür addımlar ilk dəfə baş vermir. Azərbaycan cəmiyyəti hələ də yaxşı xatırlayır ki, bir müddət əvvəl Azərbaycanın Azərbaycan Respublikasının Tehrandakı Səfirliyi silahlı hücuma məruz qalmışdı. Həmin terror aktı nəticəsində bir Azərbaycan vətəndaşı həyatını itirmiş, digər əməkdaş isə ağır yaralanmışdı.

Hadisənin ən diqqətçəkən tərəflərindən biri isə hücumun uzun müddət davam etməsinə baxmayaraq İran təhlükəsizlik və polis orqanlarının hadisəyə müdaxilə etməməsi idi. Təxminən 40 dəqiqə davam edən hücum zamanı nə təhlükəsizlik qüvvələri, nə də polis əməkdaşları səfirliyə yaxınlaşmamışdı. Bu fakt isə hadisənin təsadüfi olmadığını və arxasında müəyyən siyasi sifarişin dayandığını göstərirdi.

Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, hücum edən şəxs İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış və silahlı şəkildə avtomat, “Molotov kokteyli” və balta ilə səfirliyə hücum etmişdi. Buna baxmayaraq, Azərbaycanın xüsusi xidmət orqanlarının əliyalın nümayəndəsi böyük qəhrəmanlıq göstərərək terrorçunu zərərsizləşdirməyə nail olmuşdu. Həmin hadisədən sonra Azərbaycan dövləti məsələyə çox sərt reaksiya vermişdi. Səfirlik əməkdaşları İrandan təxliyə edilmiş, diplomatik fəaliyyət dayandırılmış və iki ölkə arasında münasibətlər ciddi gərginlik mərhələsinə daxil olmuşdu. Bu addımlar Azərbaycanın öz vətəndaşlarının təhlükəsizliyini və dövlət suverenliyini qorumaqda nə qədər qətiyyətli olduğunu göstərmişdi”-deyə Nicat İsmayılov qeyd edib.

Politoloqun fikrincə, bu gün Naxçıvan istiqamətində baş verən hadisə isə göstərir ki, regionda bəzi qüvvələr hələ də Azərbaycan dövlətinə qarşı təxribat siyasətindən əl çəkməyiblər, lakin müasir Azərbaycan artıq əvvəlki Azərbaycan deyil: “Güclü dövlət institutları, modern ordu və qəti siyasi iradə ölkənin təhlükəsizliyinin təmin olunmasında əsas faktorlardır. Cənab Prezident İlham Əliyevin bəyanatı yalnız İran tərəfinə ünvanlanan xəbərdarlıq deyil, həm də beynəlxalq ictimaiyyət üçün mühüm mesajdır. Azərbaycanın ərazisinə qarşı edilən hər hansı hücum regionda sabitliyi pozmaq cəhdi kimi qiymətləndirilir”.

“Bu hadisə Cənubi Qafqazda təhlükəsizlik məsələlərinin nə qədər həssas olduğunu bir daha göstərir. Azərbaycan isə öz suveren hüquqlarını qorumaq üçün həm diplomatik, həm də siyasi müstəvidə bütün lazımi addımları atmaq niyyətindədir. Baş verən hadisələr bir daha sübut edir ki, Azərbaycan dövlətinin müstəqil və prinsipial xarici siyasəti bəzi regional qüvvələri narahat edir. Xüsusilə, Azərbaycanın regionda güclənməsi, beynəlxalq layihələrdə aparıcı rol oynaması və geosiyasi mövqeyinin möhkəmlənməsi müəyyən dairələr tərəfindən qısqanclıqla qarşılanır. Lakin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq güclü və öz sözünü deyən dövlətdir. Ölkənin suverenliyinə qarşı yönələn istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq və bu cür addımlar heç vaxt cavabsız qalmayacaq”-deyə politoloq bildirib.

Nicat İsmayılov qeyd edib ki, İran tərəfindən Azərbaycanın ərazisinə qarşı həyata keçirilmiş hücum regionda təhlükəsizlik üçün ciddi təhdid hesab olunur: “Cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyi isə göstərir ki, Azərbaycan öz dövlət maraqlarını və vətəndaşlarının təhlükəsizliyini qorumaqda prinsipialdır. Bu hadisə eyni zamanda beynəlxalq ictimaiyyət üçün də bir sınaqdır. Çünki mülki obyektlərin hədəfə alınması və dövlətlərarası münasibətlərdə terror üsullarından istifadə olunması qəti şəkildə pislənməli və buna hüquqi-siyasi qiymət verilməlidir. Azərbaycan dövləti isə bir daha nümayiş etdirir ki, suverenliyinə qarşı yönəlmiş hər hansı təhdidə qarşı həm diplomatik, həm siyasi, həm də hüquqi müstəvidə qətiyyətli mövqe sərgiləməyə hazırdır”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
181
bizimyol.info

1Sources