EN

TƏCİLİ! Naxçıvandan sonra başqa şəhərlərimiz də VURULA BİLƏRMİ? – Müharibə davam edərsə…

Son günlər regionda gərginliyin artması fonunda İran tərəfindən Naxçıvan istiqamətində pilotsuz uçuş aparatlarının buraxılması barədə yayılan məlumatlar Azərbaycan ictimaiyyətində ciddi müzakirələrə səbəb olub.

ABŞ və İsrail ilə İran qarşıdurmasının davam etdiyi bir vaxtda bu hadisə bir sıra suallar doğurur: İran Azərbaycanın digər bölgələrini də hədəfə ala bilərmi, bu addım atılarsa, Bakı hansı cavab tədbirlərinə əl ata bilər və ümumiyyətlə Tehran belə bir eskalasiyaya getməkdə maraqlıdırmı?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Heydər Oğuz hesab edir ki, baş verən hadisəni yalnız lokal hərbi epizod kimi deyil, regiondakı daha geniş geosiyasi qarşıdurmanın bir hissəsi kimi qiymətləndirmək lazımdır.

Onun sözlərinə görə, İran tərəfindən Naxçıvan istiqamətində pilotsuz uçuş aparatlarının buraxılması hərbi baxımdan böyük zərbə və ya real hücum sayılmasa da, siyasi və psixoloji mesaj xarakteri daşıyan addım kimi görünür:

“İranın hərbi-siyasi qərarlarında mühüm rol oynayan İslam Keşikçiləri Korpusu, yəni SEPAH müxtəlif regional proseslərdə tez-tez belə taktiki xəbərdarlıq addımlarından istifadə edir və bu, bir növ həm güc nümayişi, həm də potensial rəqiblərə mesaj göndərmək vasitəsidir. Bu cür addımların əsas məqsədi bir neçə istiqamətdə siqnal verməkdir: Azərbaycan rəhbərliyinə müəyyən siyasi xəbərdarlıq, regionda İranın təsir imkanlarını nümayiş etdirmək və eyni zamanda ABŞ və İsrailə dolayı mesaj çatdırmaq. Hazırkı mərhələdə İranın Azərbaycanın geniş ərazilərinə birbaşa hərbi hücum etməsi ehtimalı yüksək deyil, çünki belə bir addım regionda daha böyük qarşıdurmaya səbəb ola bilər və Tehran bunun nəticələrinin çox ağır olacağını yaxşı anlayır.  Azərbaycanın geosiyasi mövqeyi və regiondakı əlaqələri İran üçün ciddi məhdudlaşdırıcı amillər yaradır. Xüsusilə Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi təhlükəsizlik baxımından mühüm faktordur və bu sənəd iki ölkə arasında hərbi əməkdaşlığı yeni səviyyəyə qaldırıb. Azərbaycan faktiki olaraq regionda tək deyil və Türkiyə ilə müttəfiqlik balans yaradan əsas amillərdən biridir. İran da bunu çox yaxşı anlayır və buna görə də birbaşa hərbi eskalasiyadan mümkün qədər çəkinməyə çalışır”.

Heydər Oğuz

Ekspert həmçinin vurğulayıb ki, Azərbaycanın enerji infrastrukturu və beynəlxalq layihələrdə rolu səbəbilə Qərb ölkələri də regiondakı vəziyyəti diqqətlə izləyir:

“Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün mühüm ölkələrdən biri hesab olunur və bu səbəbdən hər hansı hərbi eskalasiya beynəlxalq reaksiyaya səbəb ola bilər. Son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda Bakıda yerləşən diplomatik nümayəndəliklərin mümkün hədəf ola biləcəyi ilə bağlı iddialar da səslənir. Xüsusilə Bakıda fəaliyyət göstərən İsrail və ABŞ səfirliklərinin vurulması kimi ehtimallar irəli sürülür. Bu ssenarinini real hesab etmirəm. Diplomatik nümayəndəliklərə qarşı hər hansı hücum beynəlxalq hüquqa görə çox ciddi nəticələr doğuran addım sayılır. Belə bir hadisə artıq regional deyil, qlobal siyasi böhrana çevrilə bilər və bu da İran üçün həm siyasi, həm də hərbi baxımdan çox ağır nəticələrə gətirib çıxarar. İranın real məqsədi Azərbaycanla açıq müharibəyə başlamaq deyil, daha çox siyasi təzyiq vasitələrindən istifadə edərək regiondakı proseslərə təsir göstərməkdir. Bununla yanaşı, nəzəri olaraq İran Azərbaycanın müəyyən strateji obyektlərini təhdid edə bilər. Bu obyektlər arasında enerji infrastrukturu, neft və qaz kəmərləri, hərbi bazalar və hava müdafiə sistemləri göstərilə bilər. Lakin belə bir addım yalnız çox ekstremal geosiyasi vəziyyətdə mümkündür və hazırkı mərhələdə bu ssenari real görünmür”.

Ekspert bildirir ki, əgər buna baxmayaraq İran tərəfindən Azərbaycana qarşı real hərbi hücum baş versə, Bakı bir neçə istiqamətdə cavab tədbirləri görə bilər:

Birinci istiqamət hərbi cavabdır. Azərbaycan ordusu son illərdə ciddi modernləşmə mərhələsindən keçib və regionun ən güclü ordularından biri hesab olunur. Ordunun arsenalında müasir hava hücumundan müdafiə sistemləri, yüksək dəqiqlikli raket kompleksləri və müxtəlif növ pilotsuz uçuş aparatları mövcuddur və bu texnologiyalar potensial təhlükələrin qarşısının alınmasında mühüm rol oynaya bilər. İkinci istiqamət diplomatik müstəvidə atılacaq addımlardır. Azərbaycan belə bir vəziyyətdə məsələni beynəlxalq təşkilatların gündəminə çıxara bilər və bu çərçivədə Türkiyə və NATO kimi strukturlar vasitəsilə beynəlxalq siyasi və diplomatik dəstək əldə etməyə çalışa bilər”.

Heydər Oğuz hesab edir ki, regional təhlükəsizlik kontekstində Azərbaycan və Türkiyə arasında hərbi koordinasiya da belə vəziyyətdə daha da güclənə bilər.

Ekspertin fikrincə, hazırkı gərginliyin əsas səbəblərindən biri İranın regiondakı geosiyasi dəyişikliklərdən narahat olmasıdır:

“Tehran xüsusilə Azərbaycanın İsraillə əməkdaşlığı, regionda yeni nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi və Zəngəzur dəhlizi ətrafında gedən prosesləri diqqətlə izləyir. Bu səbəbdən İranın bəzi addımları daha çox psixoloji təzyiq və siyasi mesaj xarakteri daşıyır.

Hesab edirəm ki, Naxçıvan istiqamətində baş verən hadisə hərbi eskalasiyanın başlanğıcı kimi deyil, daha çox xəbərdarlıq və regional mesaj kimi qiymətləndirilməlidir. Bununla belə, regionda gərginliyin artması fonunda risklərin tamamilə aradan qalxdığını söyləmək də mümkün deyil. Cənubi Qafqaz hazırda qlobal geosiyasi qarşıdurmaların təsir dairəsinə daxil olmaq təhlükəsi ilə üz-üzədir və bu səbəbdən bütün tərəflərin son dərəcə ehtiyatlı davranması vacibdir. Vəziyyətin daha da gərginləşməməsi üçün diplomatik kanalların açıq saxlanılması və regional sabitliyin qorunması ən mühüm məsələ olaraq qalır”.

Tunar
NOCOMMENT.az

Chosen
107
31
nocomment.az

10Sources