EN

Bu, qeyri-neft sektorunun inkişafına töhfə verəcək – ŞƏRH

Müasir informasiya texnologiyalarının ən səmərəli vasitələrindən biri informasiya sisteminin qurulmasıdır. Azərbaycan Respublikasında aparılan uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr sayəsində ictimai həyatın iqtisadi və sosial-siyasi sahələrində dinamik inkişafa nail olunmuşdur. Cəmiyyətin demokratikləşməsi və əhalinin rifahının yüksəlməsi ilə müşayiət olunan bu inkişaf respublikanın beynəlxalq nüfuzunu, müdafiə qüdrətini, iqtisadi potensialını artırmaqla, Azərbaycan dövlətinin qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi çıxış etməsinə və inkişaf etmiş ölkələr sırasına daxil olmasına möhkəm zəmin yaratmışdır. Dövrümüzdə informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edib. Elə buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı ölkələr dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır. İndi cəmiyyətimizi informasiya-kommunikasiya texnologiyaları sahəsində mühüm yenilik olan internetsiz təsəvvür etmək qeyri-mümkündür. Azərbaycan dövləti internetin cəmiyyətin və insanların həyatının ayrılmaz hissəsi olduğunu nəzərə alaraq indiyə qədər bu istiqamətdə bir sıra addımlar atıb. 2003-cü ildə ulu öndər Heydər Əliyevin təsdiq etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya, Prezident İlham Əliyevin 21 avqust 2004-cü ildə təsdiq etdiyi “2005-2007-ci illərdə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı”, həmçinin 22 oktyabr 2005-ci ildə təsdiq etdiyi

“Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və “İnformasiya cəmiyyətinin inkişafına dair qəbul edilən bu sənədlər Azərbaycan dövlətinin İKT-nin inkişafına diqqətlə yanaşdığını göstərir. Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə önəmli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atıldı. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradıldı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi.

Rəqəmsal transformasiya artıq seçim deyil, zərurətə çevrilib. Qlobal rəqabətin dərinləşdiyi, süni intellekt və böyük verilənlərin iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevrildiyi bir dövrdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı ölkələrin dayanıqlı inkişaf strategiyasının mərkəzində dayanır. Azərbaycan da rəqəmsal infrastrukturun genişləndirilməsi, innovasiya mühitinin gücləndirilməsi və texnoloji savadlılığın artırılması istiqamətində addımlarını sürətləndirir.

Mövzu ilə bağlı KT üzrə ekspert Elvin Abbasov KONKRET.az-a açıqlamasında bildirib ki, İKT-nin inkişafı təkcə texniki sahənin deyil, bütün iqtisadi sektorların transformasiyasına birbaşa təsir göstərir.

Elvin

Onun sözlərinə görə, son illər ölkədə internet infrastrukturunun genişləndirilməsi, fiber-optik şəbəkənin əhatə dairəsinin artırılması və rəqəmsal xidmətlərin əlçatanlığının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb:

“Rəqəmsallaşma dövlət idarəçiliyində şəffaflığı artırır, biznes mühitində xərcləri azaldır və vətəndaş məmnuniyyətini yüksəldir. Elektron xidmətlərin genişlənməsi həm vaxt itkisini minimuma endirir, həm də insan faktorundan qaynaqlanan riskləri azaldır.

Növbəti mərhələdə əsas prioritetlərdən biri regionlarda rəqəmsal bərabərliyin təmin edilməsidir. Paytaxtla bölgələr arasında internet sürəti və texnoloji imkanlar baxımından fərqin aradan qaldırılması innovativ sahibkarlığın inkişafına təkan verəcək”.

Elvin Abbasov əlavə edib ki, süni intellekt, bulud texnologiyaları və kibertəhlükəsizlik sahəsində yerli kadr potensialının gücləndirilməsi strateji əhəmiyyət daşıyır:

“Əgər biz yalnız texnologiyanı idxal edən deyil, eyni zamanda onu yaradan və ixrac edən ölkəyə çevrilmək istəyiriksə, İKT təhsilinə və startap ekosisteminə investisiyalar artırılmalıdır”.

Ekspert hesab edir ki, rəqəmsal iqtisadiyyatın payının artırılması qeyri-neft sektorunun inkişafına da ciddi töhfə verə bilər. Onun fikrincə, innovasiya yönümlü yanaşma ölkənin beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirə və xarici investorlar üçün cəlbediciliyi artırar.

Beləliklə, informasiya və kommunikasiya texnologiyalarının inkişafı yalnız texnoloji yenilənmə deyil, həm də iqtisadi və sosial modernləşmənin əsas dayaqlarından biri kimi çıxış edir.

Aynurə İsmayıl
KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

Chosen
30
1
konkret.az

2Sources