EN

"İran faktiki olaraq Türkiyəyə qarşı hansısa addım atmaz" - Hərbi ekspert

"İranın göndərdiyi raketin havada vurulması və onun qalıqlarının Türkiyə ərazisinə düşməsi dünən Türkiyə ilə İran arasında siyasi gərginliyə səbəb oldu".

Bunu Redaktor.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmməd bildirdi. Onun sözlərinə görə, göndərilən raket vurulduqdan sonra onun qalıqları Türkiyə ərazisinə düşdü:

"İran tərəfi isə rəsmi olaraq bildirdi ki, onlar Türkiyəyə raket atmayıblar. Əslində raketin trayektoriyasını izləyənlər və dünənki proseslər onu göstərirdi ki, bu raket Amerikanın Aralıq dənizindəki bazasına doğru gedirmiş. Sadəcə olaraq raket elə bir istiqamətdə vurulub ki, havada məhv edildikdən sonra qalıqları Türkiyə ərazisinə düşüb. Bu isə təbii ki, Türkiyə tərəfinin reaksiyasını normal qarşılamağı tələb edir. Çünki raket qalıqları Türkiyə ərazisinə düşüb və Türkiyə tərəfi buna dərhal reaksiya verməlidir. Amma reallıq ondan ibarətdir ki, bu tip hallar müharibələrdə mümkündür, yəni belə hallarla qarşılaşmaq mümkündür. Mən də düşünmürəm ki, İran faktiki olaraq Türkiyəyə qarşı hansısa addım atsın".

Müsahibimiz əlavə etdi ki, bunun müxtəlif səbəbləri var:

"Həm Türkiyə ilə İran arasındakı münasibətlər, həm də Türkiyə cəmiyyəti amili burada rol oynayır. İran da bunun fərqindədir ki, Türkiyə cəmiyyəti faktiki olaraq bu məsələdə İrana dəstək verir. Yəni obyektiv şəkildə məsələyə baxmırlar, daha çox İrana dəstək verirlər. Bunun da səbəbi İsraildir. Ona görə də hesab edirəm ki, İran tərəfi Türkiyəyə raket ataraq nə o cəmiyyəti özünə qarşı çevirər, nə də ümumiyyətlə Türkiyə ilə müharibə etmək və ya siyasi-hərbi gərginlik yaratmaq niyyətində olar. Düşünürəm ki, bu tip hallar müharibələrdə baş verə bilər və qonşu ölkələr də məhz buna görə hava hücumundan müdafiə sistemlərini tam hazır vəziyyətdə saxlayırlar. Türkiyənin ilkin reaksiyaları da doğru reaksiyalar olub. İran tərəfi də bildiyim qədərilə həm İranın xarici işlər naziri Abbas Əraqçi vasitəsilə, həm də digər kanallar vasitəsilə Türkiyəyə çatdırıb ki, onların ümumiyyətlə hədəfində Türkiyə ərazisindəki hansısa hərbi baza olmayıb. Çünki faktiki olaraq Türkiyə öz ərazisindəki hərbi bazalardan İsrail və Amerika üçün heç bir icazə verməyib. Düşünürəm ki, bu tip hallar müharibələrdə olur və hər zaman da olacaq".

Nuriyyə NATİQQIZI

Chosen
121
50
redaktor.az

10Sources