EN

"Tehranın son ümidi çökdü: ABŞ Senatı Trampa yaşıl işıq yandırdı" - "Reuters"

"Vaşinqtonda siyasi qərar, regionda isə artan gərginlik..."

Yaxın Şərqdə qarşıdurma dərinləşdiyi bir vaxtda Vaşinqtondan gələn qərar Tehran üçün mühüm siqnal oldu. 

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agenyliyi məlumat yazıb.

Məlumata görə, ABŞ Senatı prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını məhdudlaşdırmalı olan təşəbbüsü bloklayıb. Bununla da Ağ Ev Konqresdən əlavə icazə almadan əməliyyatları davam etdirmək imkanını saxlayıb.

Qətnamənin müəllifi demokrat senator Tim Keyn idi. Sənəd 1973-cü il tarixli Hərbi Səlahiyyətlər Qanununa əsaslanırdı və 60 gündən artıq davam edən əməliyyatlar üçün Konqresin razılığını tələb edirdi. Lakin 4 martda keçirilən səsvermədə 53 senator təşəbbüsün əleyhinə, 47-si isə lehinə səs verib.

Respublikaçılar əsasən sənədə qarşı çıxıb, demokratlar isə onu dəstəkləyib. Senator Cim Riş qərarı müdafiə edərək bunun "sonsuz müharibə" anlamına gəlmədiyini bildirib. Ted Kruz isə İran rejiminin zəiflədiyini və cavab verməli olduğunu vurğulayıb. Nəticədə siyasi balans Trampın xeyrinə dəyişib.

Ağ Ev pərdəarxası danışıqlara gedir?

Bu fonda İsraildə narahatlıq yaranıb. "Axios" nəşrinin yazdığına görə, baş nazir Binyamin Netanyahu Ağ Evdən İranla mümkün gizli danışıqlara dair izahat istəyib. İsrail kəşfiyyatı Tehranın Körfəz ölkələri vasitəsilə atəşkəs mesajları ötürdüyü barədə məlumat əldə edib. Lakin ABŞ rəsmiləri bu iddiaları təkzib edərək "tam cəfəngiyat" adlandırıblar.

Martın 3-də Tramp özünün "Truth Social" platformasında yazıb: "Onların HHM sistemi, hava və dəniz qüvvələri, rəhbərliyi məhv edilib. Danışmaq istəyirlər. Mən isə dedim: çox gecdir!". İsrail üçün əsas risk əməliyyatların strateji hədəflər tam yerinə yetirilmədən dayandırılmasıdır.

Diplomatiya çağırışı və sərt ritorika

Vatikanın baş diplomatı kardinal Pyetro Parolin ABŞ və İsrailin hücumlarının beynəlxalq hüququ zəiflətdiyini bildirib və zorakılığın dayandırılmasına çağırıb. Onun fikrincə, "qanunun gücü" getdikcə "gücün qanunu" ilə əvəz olunur. Eyni zamanda Çeçenistanın "Ahmat" dəstəsinin komandiri Apti Alaudinov İrana dəstək verməyə və döyüşə getməyə hazır olduğunu açıqlayıb.

O, ABŞ və NATO-nu Rusiyaya qarşı silah tədarükündə ittiham edərək "növbəti hədəfin Rusiya olacağını" iddia edib. Beləliklə, bir tərəfdə diplomatiya çağırışları, digər tərəfdə isə müharibə ritorikası səslənir. Senatın qərarı isə göstərir ki, yaxın dövrdə əsas söz yenə də Vaşinqtondan gələcək.

 

Chosen
35
1
moderator.az

2Sources