EN

Bu. planlı şəkildə həyata keçirilən hücumdur



"İran heç vaxt Azərbaycana qarşı səmimi qonşu, yaxın dost olmayıb. Tehran imkan düşdükcə, məqam yarandıqca Azərbaycana qarşı öz riyakar simasını, qeyri-dost davranış və siyasətini ortaya qoyub. Naxçıvana İran tərəfindən dron hücumunun həyata keçirilməsi də məhz bu siyasətin təzahürüdür".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili deyib ki, məlum hadisə qətiyyən qəbuledilməzdir və İran buna görə mütləq cavab verməlidir:

"Çünki bu, təsadüfi bir hadisə deyil, planlı şəkildə həyata keçirilən hücumdur. Türkiyənin ardınca Azərbaycanın İranın hədəfinə çevrilməsi onu deməyə əsas verir ki, İran müharibənin miqyasını və əhatə dairəsini genişləndirməkdə maraqlıdır. Çünki nə Türkiyə, nə də Azərbycan ərazisindən İrana qarşı hərbi əməliyyatlarda istifadə edilir. Buna rəğmən İranın atmış olduğu addım açıq-aşkar hər iki qardaş ölkəni savaşa çəkmək cəhdidir".

Nəsib Məhəməliyev diqqətə çatdırıb ki, İranın bu addımı həm də nankorluqdur:

"Birincisi, ona görə də Azərbaycan uzun illərdir bəyan edir ki, ərazilərindən heç bir ölkəyə, o cümlədən İrana qarşı istifadə edilə bilməz. Bu sıradan deyilən bir fikir deyil. Bakının bu mövqeyi Azərbaycanın ən yüksək ali rəhbərliyi tərəfindən beynəlxalq aləmə çatdırılıb və bu gün də bizim mövqeyimiz dəyişməyib. İkincisi, ötən gün Azərbaycan Prezidenti Cənab İlham Əliyev İranın ölkəmizdəki səfirliyini ziyarət edərək ali dini liderinin vəfatı ilə bağlı başsağlığı verdi, baş verənlərdən narahatçılıq keçirdiyini bildirdi. Bütün bunların qarşılığında İranın Azərbaycana qarşı atdığı addımı yalnız nankorluq kimi qiymətləndirmək olar".

Deputat onu da qeyd edib ki, Azərbaycanın ərazilərini işğala məruz qoyan Ermənistana uzun illər dəstək verən İrandan başqa davranış gözləmək də yersiz olardı:

"Çünki rejimin mahiyyəti bundan ibarətdir".

Süleyman
Chosen
34
1
newscenter.az

2Sources