BAKI, 5 mart. TELEQRAF
“İdman Paytaxtı” elan olunan Qazaxda 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təntənəli parad təşkil olunub.
Teleqraf xəbər verir ki, tədbirdə idman federasiyalarının nümayəndələri, Olimpiya çempionları, idman səfirləri, könüllülər və müxtəlif qurumların rəsmiləri iştirak ediblər.
Parad Ədəbiyyat Muzeyinin qarşısından start götürərək Heydər Əliyev adına parkın önündə yekunlaşıb.
Tədbirin davamında Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həyatını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin idman ictimaiyyəti ilə 31 il əvvəl baş tutmuş tarixi görüşünü əks etdirən videoçarx nümayiş etdirilib.
Gənclər və idman naziri Fərid Qayıbov da çıxış edərək 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idman ictimaiyyətini təbrik edib. Nazir 31 il əvvəl Ümummilli Lider Heydər Əliyevin idman nümayəndələri ilə keçirdiyi tarixi görüşü xatırladaraq, ölkədə müxtəlif idman növləri üzrə peşəkar mütəxəssislərin yetişdirildiyini bildirib. O, həmçinin dövlət tərəfindən idman sahəsinə göstərilən diqqət və qayğını xüsusi qeyd edib.
Tədbir çərçivəsində ötən ilin “İdman Paytaxtı” olan Qəbələnin rəmzi açarı Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən Gənclər və idman naziri Fərid Qayıbova təqdim edilib. Nazir isə həmin açarı Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova verib.
Təntənəli mərasim konsert proqramı ilə davam etdirilib.